Pakistanın Neft naziri Musadik Malik çərşənbə günü bildirib ki, Azərbaycan Pakistana 2-3 milyard dollar sərmayə qoymağı nəzərdən keçirir.
O,müsahibəsində Azərbaycanın mineral sektora, o cümlədən neft və qaza xüsusi maraq göstərdiyini bildirib.
Azərbaycanın neft-qaz kəşfiyyatı sektoruna diqqət yetirdiyini deyən nazir onların LNG sektoruna da investisiyaların genişləndirilməsində maraqlı olduğunu qeyd edib.
Baş nazirin dost ölkələrlə iqtisadi əməkdaşlığı artırmağa can atdığını deyən Malik əlavə edib ki, hökumət dost xalqların yardımındansa sərmayələrə üstünlük verir.
O, daha sonra qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri ticarət əlaqələrinin inkişafına böyük töhfə verəcək. Onun sözlərinə görə, müzakirələrə tekstil ixracının artırılması və iki ölkə arasında İT sektorunun təşviqi daxildir.
Malik bu təşəbbüslərin iki ölkə arasında iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə artıracağına ümid etdiyini bildirib.