Qəzza zolağında beynəlxalq sabitlik qüvvələrinin yaradılması planlaşdırılır.
“Politico” nəşri yazıb ki, qüvvələrə qoşulmaq üçün əsas namizəd ölkələr İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Qətər və Azərbaycandır.
Nəşr bu barədə məlumatı ABŞ Müdafiə Nazirliyinin rəsmisinə və keçmiş yüksək səviyyəli müdafiə rəsmisinə istinadən yayıb.
Qeyd olunur ki, hazırda bu qüvvənin tərkibi ilə bağlı danışıqlar davam edir və hələ heç bir ölkə rəsmi öhdəlik götürməyib. ABŞ rəsmisi bildirib ki, məhz bu üç ölkə prosesdə iştirak etməkdə ən çox maraq göstərib.
Donald Trampın Qəzzada sülh üçün hazırladığı “20 maddəlik plan”a əsasən, ABŞ Ərəb və digər tərəfdaş ölkələrlə birlikdə müvəqqəti sabitlik qüvvəsi formalaşdıracaq. Bu qüvvə seçilmiş fələstinli polis qüvvələrini hazırlayacaq və onlara dəstək verəcək.
ABŞ bildirib ki, Amerika əsgərləri Qəzzaya daxil olmayacaq, lakin koordinasiya fəaliyyətində iştirak edəcəklər.
Sabitlik qüvvəsi Tramp administrasiyasının HƏMAS-la İsrail arasında müharibəni dayandırmaq, Qəzzanı tədricən demilitarizasiya edib bərpa etmək planının əsas hissəsi hesab olunur.
ABŞ artıq İsrailə 200 hərbçi göndərib. Onlar Mərkəzi Komandanlığın (CENTCOM) tərkibində Qəzzanın şimalında yerləşəcək mülki-hərbi koordinasiya mərkəzində fəaliyyət göstərəcəklər. Həmin mərkəzdə Misir, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin hərbçilərinin də iştirakı nəzərdə tutulur.
Tramp administrasiyası hələlik Dövlət Departamenti və digər qurumlar səviyyəsində texniki qrupların yaradılması barədə məlumat açıqlamayıb.
Oktyabrın 8-də HƏMAS sülh sazişinə razılıq verib və 20 nəfər girovu azad edib. Lakin İsrail tərəfi bildirir ki, qrup hələ də əsirlikdə həlak olan şəxslərin cəsədlərinin bir hissəsini qaytarmayıb.