Azərbaycan Rusiya Evinin fəaliyyətini dayandırmaq üçün Rusiya tərəfinə nota göndərib.
Bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Federasiyasının “Rossotrudniçestvo” agentliyinin Azərbaycan Respublikası ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli KİV-in sualını cavablandırarkən deyib.
“Belə təşkilatların Azərbaycan Respublikasının ərazisində fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə edilmiş razılaşmaların tələblərinə uyğun olaraq tənzimlənir.
“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin – “Rus Evi”nin hüquqi şəxs kimi qeydiyyata alınmaması və qurumun Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozması barədə Rusiya tərəfinə məlumat verildikdən sonra 2025-ci il fevralın 3-də Rusiya Evinin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiya tərəfinə nota göndərilib.
Belə ki, Azərbaycan tərəfinin “Rus Evi”nin ölkədə fəaliyyətinə xitam verilməsi ilə bağlı qərarına uyğun olaraq, Rusiya tərəfinin bu istiqamətdə müvafiq tədbirlər görəcəyi gözlənilir”.