Azərbaycan ilə Çin arasında iqtisadi və ticarət sahəsində əlaqələr son illərdə nəzərəçarpacaq dərəcədə genişlənib. 2024-cü ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 20,7% artaraq 3,7 milyard ABŞ dollarına çatmışdır. Çin şirkətlərinin Azərbaycana yatırdığı birbaşa investisiyalar isə 92,8% artaraq 11,4 milyon ABŞ dolları səviyyəsinə yüksəlmişdir.
Əməkdaşlıq çərçivəsində hüquq, əqli mülkiyyət, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və aerokosmik texnologiyalar sahələrində 20-dən artıq saziş imzalanmışdır. Həmçinin, adi pasport sahibləri üçün vizasız gediş-gəliş rejiminin tətbiqi və kənd təsərrüfatı məhsullarının ticarətində maneələrin aradan qaldırılması da nəzərdə tutulur.
Azərbaycanın “Bir Kəmər, Bir Yol” təşəbbüsündə fəal iştirakı və Orta Dəhliz layihəsinə verdiyi dəstək ölkəmizi Çin üçün əsas nəqliyyat və logistika tərəfdaşına çevirib. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə daşımaların həcmi 2024-cü ildə 65% artaraq 3 milyon tona çatıb. Bu göstəricinin 2025-ci ildə 4 milyon tonu keçəcəyi gözlənilir.
Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir dəmir yolu şəbəkəsi, eləcə də hava və avtomobil nəqliyyatı infrastrukturu Çin məhsullarının Avropa bazarlarına daha tez və sərfəli çatdırılmasında mühüm rol oynayır.
Azərbaycan ilə Çin arasında bərpa olunan enerji sahəsində əlaqələr də dinamik şəkildə inkişaf edir. Gələcək planlara əsasən, külək və günəş enerjisi stansiyalarının tikintisi, şəhər infrastrukturunun ekoloji əsaslarla modernləşdirilməsi və sənaye obyektlərinin yaşıl texnologiyalarla təchiz olunması nəzərdə tutulur.
İki ölkə arasında mədəniyyət və təhsil sahəsində əməkdaşlıq da dərinləşir. Çində Azərbaycan Ticarət Evinin açılması və müxtəlif mədəni tədbirlərin təşkili xalqlar arasında dostluq, qarşılıqlı anlaşma və etimadın gücləndirilməsinə xidmət edir.
Azərbaycan–Çin münasibətləri bu gün yeni strateji mərhələyə qədəm qoyaraq, iqtisadi, enerji, nəqliyyat, kommunikasiya və mədəniyyət sahələrində geniş imkanlar açır. Bu əməkdaşlıq yalnız hər iki ölkənin deyil, eyni zamanda regionun və dünyanın sabitliyi və inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Mobil Məmmədov
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri,
Özbəkistan, Daşkənd