Çinin dünyanın regional nizamını yenidən müəyyənləşdirməyə çalışdığı daha geniş bir strategiyasının başlanğıcındayıq desək, yanılmarıq. Bu ölkənin innovasiya imkanları, iqtisadi keçidləri, xüsusən də texnoloji rəqabətdə irəliləyişi o qədər güclüdür ki, dünya iqtisadiyyatını dəyişkənliyə məruz qoyur. Belə bir reallıqda Azərbaycan-Çin münasibətlərinin dərinləşməsi ölkəmizin təkcə Cənubi Qafqazda deyil, dünyada nüfuzunun artmasına imkan verəcək. Təbii, Çinlə dərinləşən əlaqələr Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrə də təsir edəcək ki, bu da Azərbaycan iqtisadiyyatının dünyaya açılması deməkdir. Ticarət əlaqələri öz növbəsində diplomatik münasibətlərə də müsbət təsir göstərəcək, bu isə dövlətimizin başçısının uzunmüddətli siyasi hədəflərinin reallaşmasına gətirib çıxaracaq.
Azərbaycan-Çin münasibətlərində hərbi, siyasi və iqtisadi bağlılığın miqyası böyüyür Çin elm və texnologiyanın sərhədlərinin dəyişməsinə sistemli şəkildə təkan verir, bu baxımdan onun inkişaf trayektoriyası düzgün izlənilməli və qiymətləndirilməlidir. Çin Sədri Si Cinpinin son günlər Vyetnam, Malayziya və Kamboca olmaqla, üç Cənub-Şərqi Asiya ölkəsinə səfərləri Pekin üçün yaxın qonşuluğunda gücünü möhkəmləndirmək istiqamətində mühüm addım idi.
Çin və Azərbaycanı birləşdirən bir sıra məsələlər var. Prezident İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, kənar güclərin ölkəmizə və regionumuza müdaxiləsinə icazə verilməyəcək. Si Cinpin Kambocaya səfəri zamanı bənzər və çox maraqlı bir fikir səsləndirdi ki, o, müstəqil inkişaf yolunun tərəfdarı olmaqla yanaşı, həm də xarici güclərin suveren dövlətlərin daxili işlərinə qarışmasını pisləyir. Pekini cazibədar edən daha önəmli bir məsələ onun təkcə pul və texnologiya təklif etməsi ilə kifayətlənməyərək, həm də liberal-demokratik modelə ideoloji alternativ təklif etməsi, daxili siyasətlə bağlı isə heç bir sual verməyən tərəfdaş kimi özünü göstərməsidir.
Azərbaycan və Çin Qərbin təzyiqlərinə baxmayaraq, müttəfiqliyi gücləndirir. Dövlətimizin başçısı iki ölkə arasında əlaqələrin ticarət, iqlim fəaliyyəti və ortaq dəyərlər vasitəsilə inkişaf etdiyini bildirir. İki ölkə arasında 2024-cü ildə ikitərəfli ticarət 20,7% artıbsa, Çinin Azərbaycanın ən böyük idxal tərəfdaşı olması reallığı ortada mövcuddursa, həmçinin uzaqgörən Liderimiz texnologiya, enerji və infrastruktura sərmayələrə toxunarkən Hələ istifadə olunmamış böyük potensial var” deyirsə, deməli, Çin-Azərbaycan münasibətlərinin inkişaf üfüqləri çox uzağa gedib çıxır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 22-23-də Çin Xalq Respublikasına dövlət səfəri iki dövlət arasında münasibətlərin daha inkişafı və möhkəmlənməsində növbəti addım olacaqdır. Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub. Gürüşdə ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə toxunuldu. Görüşdə Azərbaycanın və Çinin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulandı. Dövlətimizin başçısı “Vahid Çin” siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini qeyd etdi. Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi qeyd olundu.
Cənab Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdi.
Görüşdə Hökumətlərarası Komissiyanın sonuncu iclasına toxunuldu, humanitar və mədəni sahələrdə əməkdaşlıq məsələləri qeyd olundu. Ticarət dövriyyəmizin son dövrlərdə 20 faizdən çox artması müsbət qiymətləndirildi. Strateji tərəfdaşlığa dair Birgə Bəyanatda qeyd edildiyi kimi, Azərbaycanın Qlobal Təhlükəsizlik, Qlobal İnkişaf və Qlobal Sivilizasiyalar, həmçinin bəşəriyyətin vahid taleyi kimi Çinin təşəbbüslərini dəstəklədiyi bildirildi, bununla bağlı əməkdaşlıq məsələlərinə toxunulub.
Pekində keçirilən görüşdə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. Bəyannamənin imzalanması tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Azərbaycan Prezidenti ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışında qeyd edib ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir. İkitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir.
Çin Xalq Respublikası bu gün Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından birinə çevrilib. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çinin Azərbaycanın xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.
Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır. “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlıq genişləndirilir. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb.
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru