Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa yaxındırlar. Vətəninfo.az xəbər verir ki , Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın “Lännen Media” xəbər agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, “Bu, ümid anıdır… iki dövlətin və cəmiyyətimizin faciəli keçmişinə baxmayaraq, düşmənçilik səhifəsini çevirmək şansı var”.
“Keçmiş çətin idi. Anlamaq, unutmaq, bağışlamaq çətindir, lakin bölgəmizdə kifayət qədər qan tökülüb və indi bizim gələcəyə baxmaq imkanımız var”, – Mirzoyan bildirib.
Mirzoyan müsahibəsində Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyiş olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, Azərbaycanla münasibətlərin normallaşması prosesində müsbət xəbərdir: “Sərhəd var və biz onun harada olduğunu bilirik. Bu, keçmiş sovet respublikaları tərəfindən imzalanmış 1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilir və ona görə inzibati sərhədlər dövlət sərhədlərinə çevrilir. Təbii ki, iki ölkənin komissiyaları gələcək delimitasiya və dəqiq demarkasiya üzərində birgə işləməlidir”.
Kommunikasiyaların açılması məsələsinə gəlincə, Mirzoyan qeyd edib ki, Ermənistan və Azərbaycan hər iki tərəf üçün məqbul olacaq qərarlara gələ bilərlər: “Biz Ermənistan mallarının Azərbaycan ərazisindən və əksinə, Azərbaycan mallarının Ermənistan ərazisindən tranzitini təşkil edə bilərik. Birinci mərhələdə biz dəmir yolu tranzitini bərpa edə və onu tədricən genişləndirə bilərik”.