Türkiyədə Azərbaycanla bağlı sosial media paylaşımları ətrafında başlayan araşdırmada yeni adlar açıqlanıb. “Köklü Değişim”in İstanbul təmsilçisi Muhammed Emin Yıldırımdan sonra təşkilatın Hatay təmsilçisi Ahmet Sapa da saxlanılıb.
Sapa oktyabrın 27-də səhər evindən aparılıb. Təşkilatın baş koordinatoru Mahmut Kar saxlanılmanın sosial media paylaşımı ilə əlaqəli olduğunu bildirib. Sapanın sonradan buraxılması və ya məhkəmə qərarı ilə həbs edilməsi barədə təsdiqlənmiş məlumat yoxdur.
Oktyabrın 26-da axşam İstanbulda saxlanılan Muhammed Emin Yıldırım isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Onun açıqlamasına görə, barəsində “xarici dövlət rəhbərinə təhqir” iddiası ilə bağlı araşdırma aparılır.
“Köklü Değişim”in gənc fəallarından Fatih Erşahin də Ankara polisində ifadə verib və buraxılıb. DW Türkçe Ankarada adı açıqlanmayan daha bir şəxsin saxlanıldığını, ifadəsindən sonra sərbəst buraxıldığını yazır. Beləliklə, mediada ümumilikdə dörd nəfər barəsində prosessual tədbir görüldüyü bildirilir.
Saxlanılmalar təşkilatın sosial media hesablarında müzakirə doğurub. Mahmut Kar prosesin Azərbaycanla əlaqəli olduğunu irəli sürərək, “Bakı Türkiyəyə siyahı veribmi?” sualını səsləndirib.
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxslərlə bağlı proses isə ayrıdır. Baş Prokurorluq oktyabrın 19-da Rıdvan Kaya, Abdullah İmamoğlu adı ilə tanınan Zəkəriyyə Cəran, Fatih Tezcan, Ahmet Şanlı, Fahrettin Taşkaya Saral, Abdurrahman Tumer və Alparslan Tanrıkulu barəsində qiyabi həbs qərarı çıxarıldığını açıqlayıb.
Prokurorluq həmin şəxsləri hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar və dini nifrət məzmunlu materialların yayılması ilə bağlı təqsirləndirir, iş üzrə Türkiyənin səlahiyyətli qurumları ilə hüquqi əməkdaşlıq aparıldığını bildirir.


























