Biləsuvar Gömrük-Keçid Postundan “Red Bull” adlı enerji içkisi daşıyan 120-yə yaxın TIR ölkə ərazisinə tranzit daxil olsa da, ancaq “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindən boş şəkildə çıxış ediblər.
Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, hər bir TIR-da daşınan enerji içkisinin təqribi qiyməti 800 min manat təşkil edib.
Yükün ümumi dəyəri isə 96 milyon manat olub.
Nəticədə Azərbaycan bazarına gömrüyə bəyan olunmamış 96 milyonluq “Red Bull” içkisi tədarük olunub.
Sözügedən malı ölkəyə gətirən sahibkarın kimliyi isə Dövlət Gömrük Komitəsi tərəfindən hələlik ictimaiyyətə açıqlanmır.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Demokrat.az-ın informasiya sorğusuna cavab olaraq fakt təsdiqlənib:
“Sorğunuzda göstərilən istiqamət üzrə 2024-cü ilin 6 ayı ərzində cəmi bir fakt üzrə “RED BULL” markalı energetik içkinin tranzit olaraq daşınması faktı aşkar edilib. Lakin Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində digər istiqamətlər üzrə sorğuda göstərilən sayda deyil, bir neçə “RED BULL” markalı energetik içkilərin tranzit daşınması zamanı hüquqpozma faktları aşkarlanıb, müvafiq araşdırmalar aparılır.
Nəzərə alınmalıdır ki, gömrük orqanları aşkar edilən hüquqpozma faktlarına dair müvafiq araşdırmalar apardıqdan sonra ictimaiyyəti mütəmadi olaraq bu barədə məlumatlandırır”.Demokrat.az