Bu ilin yay mövsümündə Cənubi Qafqaz ölkələrinə gələn turistlərin sayı diqqətçəkici fərqlərlə qeydə alınıb. Statistikaya əsasən, Gürcüstana 2 milyon, Ermənistana 813 min turist səfər edib.
Builki yay mövsümündə (iyun–avqust aylarında) Azərbaycana isə 740 min 722 turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azdır.
Bəs, turist sayının azalmasına səbəb nədir?
Mövzu ilə bağlı Ölkə.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, hazırda Azərbaycan Qafqaz ölkələri arasında ən az turist qəbul edən ölkələr arasındadır.
Onun sözlərinə görə, regionda lider mövqedə Gürcüstan dayanır:
“Bunun əsas səbəblərindən biri Gürcüstanın Avropa ölkələrinə viza rejimini tamamilə aradan qaldırmasıdır. Eyni zamanda, ölkənin quru sərhədlərinin açıq olması qonşu ölkələrdən daha çox turistin gəlməsinə şərait yaradır. Gürcüstanın digər mühüm üstünlüyü onun əlçatanlığı ilə bağlıdır, həm vizasız rejim, həm də ucuz aviabiletlər və yerüstü nəqliyyat vasitəsilə rahat səfər imkanları bu ölkəyə turist axınını artırır.
Azərbaycan isə turizm potensialına görə Gürcüstandan geri qalmır. Amma bu yay mövsümündə Azərbaycanın cənub qonşusu İranda baş verən qısamüddətli hərbi gərginlik və hava məkanının bağlanması, Azərbaycanın əsas hədəf bazarlarından olan turistlərin sayına ciddi təsir göstərib. Rəsmi statistikaya əsasən, bu ilin doqquz ayı ərzində Azərbaycana gələn əcnəbilərin sayı təxminən 2 faiz azalıb. Bununla yanaşı, yay aylarında turist sayında 30-40 faiz azalma müşahidə olunub”.


























