2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 824 əcnəbi daşınmaz əmlak əldə edib. Əmlak alan xarici ölkə vətəndaşları arasında Rusiya vətəndaşları üstünlük təşkil edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sorğuya cavabında bildirilir.
Qurumun təqdim etdiyi məlumatlara əsasən, hesabat dövründə Rusiya vətəndaşlarının əldə etdikləri daşınmaz əmlakın sayı 588 olub. Bu da əcnəbilər tərəfindən alınan daşınmaz əmlakın ümumi sayının 71,4%-ni təşkil edir.
İkinci yerdə 80 daşınmaz əmlakla Gürcüstan, üçüncü yerdə isə 51 daşınmaz əmlakla Türkiyə vətəndaşları qərarlaşıb.
Növbəti yerlərdə İran (17), Qazaxıstan (14), Almaniya (12), Albaniya (8), İsrail (7), ABŞ (6) və Pakistan (6) vətəndaşları gəlir.
Bundan başqa, İraq və Ukrayna vətəndaşları hər biri 5, Belarus vətəndaşları 4, Özbəkistan vətəndaşları isə 3 daşınmaz əmlak əldə ediblər.
Avstriya, Böyük Britaniya, Çin, Estoniya, Fransa və Niderland vətəndaşlarının hər birinin aldığı daşınmaz əmlakın sayı 2 olub. Çexiya, Əfqanıstan, İsveç, Kanada, Norveç və Qırğızıstan vətəndaşlarının hər biri isə 1 daşınmaz əmlak əldə edib.
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Xidmətinin əvvəlki məlumatına əsasən, 2021–2025-ci illərdə Azərbaycanda 57 ölkənin 6 182 vətəndaşı ümumilikdə 6 913 daşınmaz əmlak əldə edib. Bunların 4 638-i Rusiya, 716-sı Gürcüstan, 312-si isə Türkiyə vətəndaşlarının payına düşüb.

Banker.az


























