Prezident İlham Əliyev növbəti dəfə dünyanın aparıcı kütləvi informasiya vasitələrindən birinə müsahibə verib. Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalının əməkdaşının aldığı müsahibə avqustun 26-da həmin telekanalda yayımlanıb.
Müsahibəsində bir sıra mühüm məqamlara toxunan ölkə başçısı Azərbaycanın Cənubi Qafqaz regionundakı regional proseslərdə mühüm rol oynadığını qeyd edib. Həmçinin Azərbaycanda mövcud olan tolerant mühitdən və ölkədə sünni və şiə icmaları arasında münasibətlərin vəziyyətindən danışılıb. Vurğulanıb ki, Azərbaycan cəmiyyətində bütün təriqətlərdən olan müsəlmanlar bir ailə kimi yaşayırlar. İslamın müxtəlif qolları arasında heç bir ayrı-seçkilik olmayıb. Azərbaycanlıların mütləq əksəriyyəti üçün təriqət məsələsinin ümumiyyətlə yeri yoxdur.
Qeyd edilməlidir ki, Azərbaycanlılar etnik qrup kimi İslamın müxtəlif qollarından olan nümayəndələrdən ibarətdir. Təkcə müsəlmanlar deyil, Azərbaycanda digər dinlərin nümayəndələri də özlərini eyni cür hiss edirlər. Müstəqillik dövründə bu sahədə görülən işlər həmin müsbət tendensiyaları gücləndirməkdən ibarət olub. Azərbaycan şiə və sünni müsəlmanların eyni vaxtda eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən biridir. Buna misal olaraq ölkəmizin bir çox məscidlərində vəhdət namazlarının qılınmasını misal göstərmək olar.
Ölkə başçısı vurğulayıb ki, “Biz düşünürük ki, müsəlman dünyası üçün ən böyük təhlükə təriqətlərə ayrılmaqdır. Müsəlman dünyasına ən böyük ziyanı təriqət ayrılığını təbliğ edən insanlar vururlar. Biz bir olmalıyıq. Biz müsəlmanıq və bizim üçün bir nömrəli məsələ budur. İstənilən xarici müdaxilədən tamamilə azadıq. Çünki biz təkcə dəyərlərimizi təbliğ etmirdik, biz, həmçinin ideoloji cəhətdən özümüzü istənilən növ müdaxilədən, müsəlmanlar arasında nifrət toxumu səpmək cəhdlərindən qorumalı idik. Bu, müsəlman dünyasında yüksək qiymətləndirilir”.
Bu gün ökəmizdə mədəniyyətlərarası dialoq sahəsində də bir çox işlər görülür. Azərbaycanda hər iki ildən bir müntəzəm olaraq mədəniyyətlərarası dialoq üzrə beynəlxalq konfranslar keçirilır. Həmin konfranslarda təkcə müsəlmanlar üçün deyil, bütün dinlər üçün mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilir. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Hesab edirəm ki, indi müsəlman ölkələrinin mütləq əksəriyyətinin siyasi dairələrində, – mənim prezidentlər arasında bir çox əlaqələrim var, – hamı başa düşür ki, müsəlmanlar həmrəy olmalıdırlar və təriqətlərə bölünmə bizim birliyimiz üçün təhlükədir”.
Beləliklə, Azərbaycan Körfəz ölkələrinin “rifah naminə sülh” baxışını dəstəkləyir.
Firudin Dadaşov – ilahiyyatçı