Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə xanım idmançılar üçün seminar keçirilib. Tədbir ölkədə qadın karatesinin inkişafı və bu idman növünün kütləviliyinin artırılması məqsədi daşıyıb.
Seminarda Avropa çempionu Mədinə Sadıqova iştirak edib. Müxtəlif yaş qruplarını təmsil edən 200-dən çox xanım idmançının qatıldığı tədbirdə qadın karatesinə dəstək, idmançılar arasında birlik və həmrəyliyin gücləndirilməsi, eləcə də komanda ruhunun inkişafı əsas məqsədlər sırasında yer alıb.
Təşkilatçılar qeyd ediblər ki, gənc idmançıların peşəkar karateçilərlə ünsiyyətdə olması və onların təcrübəsindən yararlanması gələcək uğurlar üçün mühüm stimul yaradır.
Azərbaycan Karate Federasiyası istedadlı idmançıların üzə çıxarılması, qadın karatesinin inkişafı və bu idman növünün ölkə üzrə daha geniş yayılması istiqamətində layihələri davam etdirmək niyyətindədir.



























