Son illər Azərbaycan çevik xarici siyasət yürüdərək müxtəlif beynəlxalq və regional təşkilatlarda, o cümlədən MDB-də fəal iştirak edir. MDB postsovet məkanında çoxtərəfli əməkdaşlıq üçün əsas platformalardan biri olaraq qalır. Bu təşkilat üzv ölkələr arasında mədəni, iqtisadi, siyasi digər sahələrdə əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynamaqda davam edir. Prezident İlham Əliyevin Moskvaya səfəri və Vladimir Putinlə görüşü geosiyasi kontekst çərçivəsində Azərbaycan-Rusiya əlaqələrinin möhkəmliyini təsdiq etməklə yanaşı, həm də ölkəmizin MDB çərçivəsində mühüm regional aktor olduğunu nümayiş etdirir. İki ölkə arasında münasibətlərin dinamik inkişaf xarakterini Prezident Putinin Azərbaycana həyata keçirdiyi son dövlət səfəri də təsdiqlədi və bu, qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Bugünkü mürəkkəb beynəlxalq vəziyyət, xüsusilə də Qarabağ münaqişəsindən sonrakı nizamlanma fonunda Azərbaycanla Rusiya arasındakı tərəfdaşlıq ciddi əhəmiyyət daşıyır. Rusiya regionda sülh prosesində, o cümlədən sabitliyin qorunmasında, yeni münaqişələrin qarşısının alınmasında diplomatik təşəbbüsləri ilə fəallıq göstərir. Azərbaycan da öz növbəsində sülhməramlı proseslərdə, regional təşəbbüslərdə fəal iştirak etməklə sülh və əməkdaşlıq arzusunu təsdiqləyir.
Humanist niyyət, sülh arzusu Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bir daha özünü göstərdi. Dövlətimizin başçısının MDB-nin humanitar əməkdaşlıq mexanizmi kimi əhəmiyyətini diqqətə çatdıraraq, Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsini ayrıca vurğulaması xüsusi əhəmiyyət kəsb edir. Çünki Laçın uzunmüddətli erməni işğalından sonra sürətlə bərpa olunaraq, ölkəmizin inkişafının təzahürü kimi təşkilat daxilində Azərbaycana rəğbəti daha da artırıb.
Azərbaycan MDB məkanının bir hissəsi olmaqla, müxtəlif geosiyasi maraqların kəsişməsindədir. Bir tərəfdən, ölkə onun əsas strateji tərəfdaşı olan Rusiya ilə sıx əlaqələr saxlayır. Digər tərəfdən, Azərbaycan Qərb ölkələri və Avropa İttifaqı, BMT kimi beynəlxalq təşkilatlarla münasibətləri inkişaf etdirməkdə maraqlıdır və beynəlxalq qaydaları rəhbər tutaraq şəffaflığın tərəfdarıdır. Bu kontekstdə qeyd etmək vacibdir ki, Azərbaycan xarici siyasətində balansı qorumağa nail olub ki, bu da ona beynəlxalq məsələlərdə fəal mövqe tutmağa imkan verir.
Bu balansın mühüm aspektinin qarşıdan gələn ən böyük beynəlxalq tədbirlərdən biri – Bakıda keçiriləcək COP29 tədbiridir. Belə nüfuzlu foruma ev sahibliyi etməyi Azərbaycanın qlobal ekoloji təşəbbüslərə verdiyi töhfənin tanınması və beynəlxalq aləmdə nüfuzunun təsdiqlənməsi kimi qiymətləndirilməlidir. Bu gün ölkəmizin yüksək inkişaf potensialı vardır və yaxın gələcəkdə Azərbaycan MDB daxilində mövqelərini daha da möhkəmləndirəcəkdir. Birlik dövlətlərinin ölkəmizlə sıx əlaqələrinin daha dərinləşməsi təşkilatın inkişafına töhfə verəcəkdir.
Xüsusilə Cənubi Qafqaz regionunda baş verən geosiyasi dəyişikliklər fonunda Rusiya ilə sabit və konstruktiv münasibətlərin qorunub saxlanılması ölkə üçün mühüm amildir. Eyni zamanda, dövlətimiz nəqliyyat, enerji və sair layihələri inkişaf etdirməklə MDB-nin digər üzvləri ilə iqtisadi əməkdaşlığı dərinləşdirməyə çalışır. Bütün bu mühüm amillər isə ölkəmizin əhəmiyyətini daha da yüksəldir.
Tufan Məmmədov – iqtisadçı ekspert