image-1backend

Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artıran siyasət

image-reklam_sirab_01

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. 21 il əvvəl 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyəti öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verərək İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi.
Prezident seçildiyi ilk gündən Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyinə, hər bir vətəndaşın Prezidenti olacağına, düşmən işğalı altında qalan torpaqlarımızı azad edəcəyinə söz verən cənab İlham Əliyev vədinə əməl etdi. Xalqımız müasir dünya liderləri arasında yüksək intellekti, diplomatik məharəti, xüsusi natiqlik bacarığı ilə seçilən, adı tariximizə islahatçı lider kimi yazılan Prezident İlham Əliyevin siyasi kursunu, qələbə strategiyasını birmənalı olaraq dəstəklədi. 2003-2018-ci illər tariximizə iqtisadi yüksəliş dövrü kimi daxil oldu. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artdı, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşdı. Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması ilə bağlı müəyyənləşdirdiyi siyasət öz nəticələrini verdi. Nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Nəhəng infrastruktur layihələri həyata keçirildi.
Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar Prezident seçkilərinin keçirilməsi zəruri idi. Bununla yanaşı, yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdi. Bu mənada 2018-ci il aprel ayının 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın sədri İlham Əliyev şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. 2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirirdi.
2024-cü ilin fevralın 7-də Azərbaycanda Zəfər seçkiləri adlandırılan növbədənkənar prezident seçkiləri keçirildi. Bu Qarabağın işğaldan tam azad olunması ilə ilk dəfə prezident seçkilərinin bütün ölkə ərazisində keçirildiyi seçkilər oldu. Belə ki, Mərkəzi Seçki Komissiyası tərəfindən işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradıldı və bu seçki məntəqələrində 20 min seçici səsvermədə iştirak etdi. Seçki günü Prezident İlham Əliyev və ailə üzvlərinin səs verdiyi 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsində verilən 297 səsin hamısı İlham Əliyevin lehinə verilmişdir. Seçkilərin nəticələrinə görə İlham Heydər oğlu Əliyev 92,12% səs toplayaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Beləliklə, Azərbaycan xalqı yenidən görülən işlərə səs verdi. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdü.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ötən dövr ərzində Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqelərini daha da möhkəmləndirmiş, ölkənin enerji resurslarının dünya bazarlarına səmərəli və əlverişli yollarla çıxarılmasını nəzərdə tutan praqmatik siyasət həyata keçirilmiş və şaxələndirilmiş nəqliyyat infrastrukturu ilə beynəlxalq birliyin diqqətini özünə cəlb etmişdir.
2018-ci ilin aprel ayında seçkilərdən dərhal sonra Prezident İlham Əliyev “Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman imzaladı. Sənəddə bu qəbildən olan insanların vərəsələrinə on bir min manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdu. Cənab İlham Əliyev yenidən Azərbaycan Prezidenti seçildikdən sonra Nazirlər Kabinetinin tərkibində ciddi yenilənmələr baş vermiş, müasir idarəetmə bilik və bacarıqlarına malik olan cavan kadrlar hökumətdə yüksək vəzifələrə təyin olunmuşlar. İctimai rəydə böyük rəğbətlə qarşılanan kadr siyasəti dövlət orqanlarının çevik və səmərəli şəkildə fəaliyyətinə mühüm təsir göstərmişdir. Ötən dövr ərzində qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində mühüm addım atıldı.
Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü və suveren, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrildi. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandı. Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi illərdə Azərbaycanı Qafqazda söz sahibinə çevirmiş, ölkəmizin turistlərin və sahibkarların üz tutduğu ilk sıralarda yer almasına nail olmuşdur. Bu müddət  ərzində maaşlar, pensiyalar dəfələrlə artmışdır. Sosial infrastruktur inkişaf etmiş, o cümlədən məktəb, xəstəxana binaları tikilmiş, təmir edilmiş, bölgələrdə idman infrastrukturu yaradılmışdır. Eyni zamanda, Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirmişdir. İqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmiş, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmiş, yol və nəqliyyat infrastrukturu sürətlə inkişaf etmişdir. Bir sözlə, Prezident İlham Əliyevin idarəçilik dövrü milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrü kimi tarixə düşübdür. Bu dövr ərzində Prezident İlham Əliyev xalqı milli ideya ətrafında birləşdirib, azərbaycançılıq məfkurəsi ölkəmizdə tam bərqərar olub. Məhz, xalqın etimadı və Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində də 2020-ci ildə 44 günlük Vətən müharibəsində 30 il işğal altında olmuş torpaqlarımız azad edilib. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib.
Prezident İlham Əliyevin 21 illik gərgin əməyi və Ordumuzun rəşadəti nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması dövlət başçısının böyük uzaqgörənliklə həyata keçirdiyi siyasətin tərkib hissəsidir.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki