11:09
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş verən yanğınla bağlı atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri əraziyə yollanıb.
Bu barədə ETSN-nin mətbuat xidmətindən məlumat verilib.
***
10:30
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 05.03.2025-ci il tarixində saat 10:00 radələrində Nizami rayonu, Neft emalı zavodu ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən neft emalı zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğına qərq olmuş Bakı neft emalı zavoduna polis əməkdaşları gəlib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirləri həyata keçirirlər.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.