9 sentyabr tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və Gənclərin Həmrəyliyi İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan və İraq Türkmən Gənclərinin Forumu” öz işinə başlayıb.
Proqram çərçivəsində ilk olaraq açılış mərasimi keçirilib, Gənclərin Həmrəyliyi İctimai Birliyinin İcraçı direktoru Ramilə El-oğlu qonaqları salamlayaraq tədbirin məqsədi, hədəfləri və gündəliyi ilə bağlı məlumat verib. Daha sonra, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş üzrə sektor müdiri Elşən Hüseynov, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin Baş direktorunun müavini Ramin Həbibzadə, Türk ölkələri gənclər məsələləri üzrə ekspert Əkbər Qoşalı, Türk Dünyası məsələləri üzrə ekspert, jurnalist, filoloq İlqar İlkin və layihənin iştirakçılardan olan Mehdi Saadoon Jaafar çıxış ediblər, Azərbaycan və İraq Türkmən gənclərinin ictimai iştirakçılığı, onların əlaqələrinin gücləndirilməsi, gənclərlə iş sahəsində mövcud biliklərin ötürülməsi ilə bağlı öz fikir və təcrübələrini bölüşüb, həmçinin layihə iştirakçılarına uğurlar arzulayıblar.
Forum “Türk dünyasında gənclərlə iş, gənclərin yerli və beynəlxalq iştirakçılığının təşviqi üçün atılan addımlar” mövzusunda panel müzakirəsi ilə davam edib. Spiker qismində Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar, “Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin sədri Elməddin Behbud, Dünya Türkologiya Mərkəzinin sədri prof.dr. Güllü Yoloğlu və layihə iştirakçılardan Ali Hussein Ali Al-Bayati və Nebil Şahin iştirak ediblər. Panel müzakirəsi mövzu ətrafında fikir mübadiləsi və iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan və İraq arasında genişlənən ikitərəfli əlaqələr çərçivəsində gənclərlə iş sahəsində təcrübə mübadiləsi və şəbəkələşmənin davamlı təşviq etmək, iki ölkə arasında türk xalqlarının qarşılıqlı əlaqələrinin gücləndirmək və gənclərin inkişafına töhfə verməkdən ibarətdir. Layihə çərçivəsində 14 İraq türkməni gəncdən ibarət nümayəndə heyətinin ölkəmizə 4 günlük səfəri, bu səfər çərçivəsində azərbaycanlı gənclərin də iştirakı ilə forumun keçirilməsi, hər gənclər üçün yaradılmış imkanlar və gənclər siyasətinə uyğun olaraq həyata keçirilən fəaliyyətlərlə bağlı tanışlıqlar nəzərdə tutulur. 12 sentyabra qədər davam edəcək layihədə müvafiq istiqamətdə qurumlar, gənclər təşkilatları ilə görüş və təlimlər təşkil ediləcək.