“Gilavar Foto Klubu” İctimai Birliyi “Təhlükənin kulMİNAsiya nöqtəsi” layihəsinin icrasını yekunlaşdırıb.
Vətəninfo.az xəbər verir ki, layihə çərçivəsində fotolayihənin bağlanış mərasimi keçirilib.
“Düyməni sıxan ayaqlar” adlı fotosərgi təşkil olunub. Sərgidə layihə zamanı çəkilmiş müxtəlif illərdə mina partlayışları nəticəsində xəsarət alan insanların həyatını təsvir edən 50 fotodan ibarət ekspozisiya nümayiş olunub.
Nümayiş olunan fotoşəkillər peşəkar fotoqraflar Famil Mahmudbəyli, Dilavər Nəcəfov, Yaqub Cəfərov və Rəşad Mehdiyev tərəfindən çəkilib. Həmin şəkillər bir müddət öncə Çexiyanın paytaxtı Praqa şəhərinin mərkəzi meydanlarında da 2 gün ərzində sərgilənib.
Sonda sərgilənən fotolar gələcəkdə də istifadə olunması, beynəlxalq tədbir və konfranslarda nümayiş etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə hədiyyə olunub.
Qeyd edək ki, layihə çərçivəsində fotosərgilərlə yanaşı, 2 maarifləndirici videoçarx və elektron fotokitab da hazırlanıb. Fotokitabda mina qurbanlarının hekayələri, onların hazırkı durumunu əks edən fotoşəkillər, mina hadisələrin xronologiyası və digər statistik məlumatlar əks olunub.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.