ABŞ prezidenti Co Bayden BMT Baş Assambleyasının qarşıdan gələn sessiyasındakı çıxışında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin genişləndirilməsi ilə bağlı təklif təqdim etməyi planlaşdırır. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.
“Düşünürəm ki, prezident Bayden bu barədə bəzi təfərrüatlara toxunacaq. Biz açıq şəkildə bildirdik ki, düşünürük ki, Təhlükəsizlik Şurasının strukturu ilə bağlı sualı qaldırmağın vaxtı çatıb”, o, “The Telegraph”a müsahibəsində bildirib.
Kirbi əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının tərkibi “daha əhatəli” olmalıdır.
Nəşr yazır ki, Baydenin qənaətinə görə, Hindistan, Braziliya, Almaniya və Yaponiya da daxil olmaqla, BMT Təhlükəsizlik Şurasına “beş-altı” yeni daimi üzv daxil olmalıdır. Braziliya və Cənubi Afrika da Təhlükəsizlik Şurasının mümkün daimi üzvləri kimi qeyd edilib, “lakin onların veto hüququ olub-olmayacağı bəlli deyil”.
Hazırda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var: ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin. Şuraya iki il müddətinə seçilən 10 qeyri-daimi üzv də daxildir.