image-reklam-veteninfo
image-1backend

BDU rektoru Mehdiyevçi şəbəkə ittihamlarına cavabdan qaçdı – FOTO

image-reklam-veteninfo

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bu gün Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi “PeşəFest” festivalının yekun tədbirində iştirak edib.

Tədbir çərçivəsində Musavat.com-un əməkdaşı rektora yaxınlaşaraq ona ünvanlanan ittihamlarla bağlı suallar verib.

Lakin Elçin Babayev suala cavab verməkdən imtina edərək “Mən sadəcə tədbirə qulaq asıram” – deyə jurnalistlə ünsiyyətdən yayınmağa üstünlük verib.

Xatırladaq ki, sabiq millət vəkili Etibar Əliyev son günlər sosial mediada Elçin Babayevin adı ilə bağlı ciddi ittihamlar səsləndirib. O bildirib ki, ən böyük Mehdiyevçilər BDU-nun sabiq rektoru Abel Məhərrəmov və hazırkı rektoru Elçin Babayevdir:

“Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva 2003-cü ildən BDU-da Hesablama riyaziyyatı kafedrasının müdiridir. Uzun illər işə çıxmayan Qalina xanım üçün iki böyük kabinet-iqamətgah yaradılıb”.

Etibar Əliyev əlavə edib ki, Ramiz Mehdiyevin zooloq ixtisaslı qızı da 2010-cu ildən BDU-da Sosial və pedaqoji psixologiya kafedrasına rəhbərlik edir:

“Ona da xüsusi kafedra-iqamətgah yaradıblar”.

Keçmiş deputat Elmin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı da rektoru hədəfə alaraq bildirib:

“Elmin İnkişafı Fondunun Himayəçilər Şurasının sədri Ramiz Mehdiyev, icraçı direktoru isə Elçin Babayev olduğu dövr çox ciddi şəkildə yoxlanılmalıdır”.

Qeyd etdiyimiz kimi, Elçin Babayev mövqeyini açıqlamaqdan imtina etdi. Onu da nəzərə çatdıraq ki, digər rəsmilərdən fərqli olaraq rektor tədbiri yarımçıq tərk etdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki