Tailandda model kimi işləmək üçün ölkəni tərk edən belaruslu qadın insan alveri qurbanına çevrilib. Vətəninfo.az xəbər verir ki, qadın Myanmada orqan ticarəti məqsədilə satılıb, daha sonra isə cəsədi yandırılıb.
Məlumata əsasən, belaruslu model Tailandda model müqaviləsi ilə işləmək üçün gedib, lakin cinayətkar şəbəkənin əlinə düşüb. Onu aldadaraq Myanmaya aparıblar və saxta investisiya layihələri ilə məşğul olan “skam mərkəzdə” işləməyə məcbur ediblər. Qızın fəaliyyəti gəlir gətirmədikdə, onunla əlaqə kəsilib.
Oktyabrın 4-dən etibarən ailəsi onunla əlaqə saxlaya bilməyib. Daha sonra ailəyə qızın öldüyü bildirilib və cəsədin qaytarılması üçün 500 min dollar tələb olunub. Bir müddət sonra cinayətkarlar cəsədin yandırıldığını açıqlayıblar. Hazırda ailə heç olmasa, qızın külünü vətənə gətirməyə çalışır.
Mənbələrin məlumatına görə, oxşar sxemlə yaxın günlərdə Rusiyanın Çita şəhərindən olan bir qadını da Myanmaya aparmağa cəhd göstərilib. Onu fırıldaqçılıq fəaliyyətinə yararsız hesab edərək orqan ticarəti üçün satmaq istəyiblər. Lakin qadın Rusiya hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində xilas edilib.