Səudiyyə Ərəbistanının sənaye və mineral ehtiyatlar naziri Bəndər əl-Xureyf Türkiyə ilə münasibətlərin strateji xarakter daşıdığını bildirərək, xüsusilə sənaye və mədən sektorlarında əməkdaşlığın genişləndiyini vurğulayıb.
Anadolu Agentliyinə müsahibə verən nazir qeyd edib ki, regiondakı mövcud çətinliklərə baxmayaraq, birgə səylər nəticəsində bölgə iqtisadiyyatı daha da güclənəcək. Səudiyyə Ərəbistanının illərdir qeyri-neft sektoruna yatırdığı investisiyaların artıq öz bəhrəsini verdiyini deyən əl-Xureyf rəsmi rəqəmlərin də bu inkişafı təsdiqlədiyini bildirib. Belə ki, Krallığın qeyri-neft ixracı 2025-ci ildə illik 15 faiz artaraq 166,4 milyard dollara çatıb.
Mədənçilik sektorunu ölkə iqtisadiyyatının ən sürətlə dəyişən sahələrindən biri kimi xarakterizə edən nazir bu sahənin artıq qlobal rəqabət modelinə keçdiyini diqqətə çatdırıb. O, yalnız resursların olmasının kifayət etmədiyini, əsas hədəfin bu resursları sənaye məhsullarına çevirəcək əlverişli mühit yaratmaq olduğunu vurğulayıb. Türkiyənin şaxələndirilmiş sənaye infrastrukturunun Səudiyyə Ərəbistanının strateji hədəfləri ilə uyğunlaşdığını bildirən əl-Xureyf iki ölkə arasındakı əməkdaşlıq potensialının yüksək olduğunu qeyd edib.
Nazir həmçinin regional logistika və nəqliyyat layihələrinə toxunaraq Səudiyyə Ərəbistanını İordaniya və Suriya vasitəsilə Türkiyəyə birləşdirəcək dəmir yolu xətti planının regional ticarət maneələri üçün mühüm həll yolu ola biləcəyini irəli sürüb. Nəqliyyatın ixracatda rəqabət qabiliyyəti üçün əsas faktor olduğunu vurğulayan əl-Xureyf ticarətin asanlaşdırılması və xammala çıxışın yaxşılaşdırılmasının prioritet hədəflər arasında qaldığını bildirib.


























