Bərdə terroru qurbanlarının xatirəsi yad edilib.
Vətəninfo.az xəbər verir ki, anım tədbirində Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli məclisin deputatları Fatma Yıldırım, Xanlar Fətiyev, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, həlak olanların ailə üzvləri və yaxınlarının iştirakı ilə Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən Bərdə rayonuna atılan raketlər nəticəsində həlak olmuş mülki şəhidlərin xatirə lövhəsinin önünə güllər düzülüb, xatirələri yad olunub, ruhlarına dualar oxunub.
Xatırladaq ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib. Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə zərbələr endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 5 dəfə (05, 08, 27, 28 oktyabr və 7 noyabr 2020-ci il tarixlərində) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 28 nəfər şəhid olub, 112 nəfər yaralanıb.