Bərdə rayonunda musiqi məktəbində çalışan müəllim G.R. sosial şəbəkədə kişini və ailə üzvlərini təhqir etdiyinə görə cəzalandırılıb.
Vətəninfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü G.R. Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib.
Məhkəmə materiallarına əsasən, G.R “TikTok” sosial şəbəkəsində yaratdığı səhifələrdə Şahin adlı şəxsin və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib. O, paylaşımlar və canlı yayımlar zamanı kişinin şərəf və ləyaqətini alçaldan ifadələr səsləndirib, onun keçmiş həyat yoldaşı və uşaqları barədə də təhqiramiz fikirlər paylaşıb.
Şikayətçi bildirib ki, G.R. uzun müddət onu şantaj edib, sosial şəbəkələrdə haqqında həqiqətə uyğun olmayan məlumatlar yayıb, ailəsinin nüfuzuna xələl gətirib. Buna görə müəllimnin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.
G.R. isə ittihamları qəbul etməyib. O, tərəflər arasında şəxsi münaqişənin olduğunu, Şahinin də onu narahat etdiyini iddia edib. Müəllim həmçinin “TikTok” səhifələrini bağladığını bildirib və himayəsində iki azyaşlı uşağının olduğunu, onlardan birinin ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edərək məhkəmədən yüngül cəza istəyib.
Məhkəmə araşdırması zamanı sosial şəbəkədə yayılan görüntülər tədqiq edilib və G.R.-nın şikayətçiyə qarşı təhqiramiz ifadələr işlətməsi sübuta yetirilib. Tərəflər arasında mediasiya qaydasında barışıq sazişi bağlansa da, şikayətçi onun cəzalandırılmasında israr edib.
Məhkəmənin hökmü ilə G.R. 8 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Onun aylıq qazancının 10 faizi dövlət nəfinə tutulacaq.


























