Sylvester Stallone öz dostunu satıb. Özü də cəmi 40 dollara. Söhbət Sylvester Stallone-nin itindən gedir. Niyə satıb? Çünki özü yeməyə bir şey tapa bilmirdi. İti də ac qalmalı olurdu. Bu isə ona pis təsir edirdi. Düşünürdü ki, kimsə iti satın alsa, ona daha yaxşı baxar. Ən azı it ac qalmaz.
Adamın həyatı başdan ayağa faciəli fraqmentlərlə doludur. O, tək yaşayıb. Ata-anası da onu sevməyib. Üzünün bir hissəsi iflic olub. Danışığında da ciddi qusurlar vardı. Buna baxmayaraq o, məşhur olmaq istəyirdi. Təsəvvür edin ki, bir ssenari yazır. Ssenariyə 250 min dollar təklif edirlər. Razılaşmır. Halbuki vağzalda gecələyir. Özü də ac qarnına. Deyir ki, bu ssenari əsasında çəkilən filmin baş qəhrəmanını özüm oynamalıyam. Sona qədər də dediyinin üstündə durur. Nəhayət hər şey o, istəyən kimi olur…
Nəsə, mətləbdən uzaqlaşmayaq. İti satandan bir az sonra Sylvester Stallone-nin əlinə bir az pul keçir. 3 gün iti satdığı yerdə dayanıb gəlib-gedənlərə baxır. Ümid edir ki, satdığı itin sahibi də oradan keçəcək. Sonda bəxti gətirir. Həmin adamla qarşılaşır. Ona dərdini anladır. Xahiş edir ki, itimi geri ver. Mən onu çox sevirəm…
İtin yeni sahibi isə artıq xəbər tutub ki, Sylvester Stallone-nin əlinə bir az pul keçib. Ona görə də deyir ki, əgər itin sənə əzizdirsə, mən onu sənə 15 min dollara sata bilərəm…
Sylvester Stallone əlində olan bütün pulların hamısını verir, yəni 40 dolara satdığı iti 15 min dollara geri alır.
Bu olaydan sonra pul Sylvester Stallone-nin başına yağış kimi yağır. 1 milyon dollara başa gələn ilk filmi 250 milyon dollarlıq gəlir əldə edir.
Elbəyi Həsənli