image-1backend

Bir kərə yüksələn bayraq…

image-reklam_sirab_01

Noyabrın 9-u Dövlət Bayrağı Günüdür. Bayraq da torpaq kimi, uğrunda ölən­lərin tapındığı müqəddəs bir varlıqdır. Vətəni olan, dövləti olan hər bir şəxsin şüurunda və ürəyində uğrunda ölməyə hazır olduğu bir bayraq var. Bu bayraq həmişə azadlıq və istiqlal uğrunda müqəddəs savaşa gedənlərin başı üstündə dalğalanır.

Üçrəngli Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azər­baycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və iclasın keçirildiyi Nazirlər Şurasının binası üzərində qaldı­rılıb. “Bir kərə yüksələn bayraq bir daha enməz” deyən Məhəmməd Əmin Rəsul­zadə bu bayrağı Azərbaycan xalqına mi­ras qoydu.

Az sonra bayrağımızı binalarımızın üzərindən endirsələr də bu bayraq ətra­fında birləşən milyonlarla insanın ürə­yindən çıxara bilmədilər. Düz 70 il sonra, 1990-cı il noyabrın 17-də Naxçıvan Mux­tar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üç­rəngli bayrağı muxtar respublikanın bay­rağı kimi qəbul olundu. 1991-ci il fevralın 5-də isə üçrəngli bayrağımız Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olundu. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı sərəncam imzaladı. Sərənca­ma görə, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edildi. Beləcə xalq öz İstiqlal bayrağına qovuşdu.

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq öz yurduma öz hakimliyim.

Böyük şairimiz Bəxtiyar Vahabza­də bu iki misrada bayrağımızın ən dərin mənəvi dəyərini ifadə edib. Babalarımız­dan bizə miras qalan, şəhidlərimizin və qazilərimizin qanlı döyüşlərdən keçirib başımız üstündə ucaltdığı Azərbaycan bayrağı xalqımızın bu qəhrəmanlığını bü­tün dünyaya tanıtdıran kimliyimizdir. Bay­raq milli identikliyimizin nişanıdır.

Ən müqəddəs rəmzlərdən biri sayı­lan bayraq bir millətin varlığının, möv­cudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstə­ricisidir. Onun ucalığını, böyüklüyünü, müqəddəsliyini dilə gətirən Ulu öndər Heydər Əliyev “Azərbaycan Dövlətinin Bayrağı gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun!” – deyərək, hələ o zaman hər bir azərbaycanlını bu müqəd­dəs bayraq ətrafında birləşməyə çağırır­dı. O deyirdi: “Biz öz himnimizi, bayra­ğımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlə­timizə olan sədaqət, sevgi və məhəbbə­tin rəmzidir.”

Üçrəngli bayrağımız haqqında böyük məhəbbətlə danışan Heydər Əliyev deyir­di: “Kim Azərbaycanı sevirsə, kim Azər­baycanın müstəqil dövlət olmasını istə­yirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşmə­lidir”. Bayrağımızın bütün işğal olunmuş torpaqlarımızda dalğalanacağına əmin olduğunu dönə-dönə vurğulayan Heydər Əliyev beləcə xalqın mübarizə əzmini mətinləşdirir, qələbə inamını möhkəmlən­dirirdi.

Azərbaycan xalqı öz bayraq sevgisini döyüş cəbhələrində göstərdi. On minlərlə gənc bu bayrağa sarıldı. Ali Baş Koman­dan İlham Əliyevin bir çağırışına cavab olaraq düşmən üstünə yeridi, işğal al­tında qalan torpaqlarımızı azad etdi. Bu bayraq altında gənc oğullarımız azadlıq və müstəqillik uğrunda canlarını verdilər, amma bayrağımızı enməyə qoymadılar. Onu Azərbaycan ərazisinin hər bir guşə­sində dalğalandırdılar. Allah bütün şəhid­lərimizə rəhmət eləsin!

Bu gün Azərbaycanın Bayrağı Şuşa­da, Xankəndidə və bütün işğala məruz qalmış torpaqlarımızda qürurla dalğalan­maqdadır. Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nüma­yiş etdirir”.

Bu bayraq daim var olacaq, Azər­baycan varlığını, Azərbaycan dövlətinin gücünü və qüdrətini bütün dünyaya tanıt­dıracaq!

Bayrağımız həmişə uca olsun!

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki