Türkiyə Cənubi Qafqazda sabitliyi təmin etmək üçün səylərini davam etdirir. Vətəninfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə iftarda çıxışı zamanı deyib.
“İrəvanla münasibətlərin normallaşması prosesi irəlilədikcə biz Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olacağı bir razılaşma gözləyirik”, – Ərdoğan vurğulayıb.
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə Orta Asiyanın qardaş respublikaları ilə möhkəm əlaqələr saxlayır. Onun sözlərinə görə, Ankara həm də Yunanıstanla birgə addımlar sayəsində formalaşan müsbət atmosferin tərəfdarıdır.
Bundan başqa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra məsələlərə toxunub:
– Qlobal qərar qəbuletmə mexanizmlərinin dünyanın dəyişən şərtlərinə uyğunlaşmalı olduğu vaxt gəlib çatıb.
– Dünya əhalisinin dörddə birini təşkil edən müsəlmanlar qərarvermə proseslərində ədalətli şəkildə təmsil olunmalıdırlar.
– BMT Təhlükəsizlik Şurasında veto hüququna malik bir İslam ölkəsinin olması artıq sadəcə ehtiyac deyil, həyati zərurətdir.
– Bu gün həmsöhbətlərimizə xüsusilə vurğulayıram ki, Məscidül-Əqsa bizim üçün qırmızı xətt olaraq qalır.
– İsrail hakimiyyəti İordan çayının qərb sahilinin ilhaqı çağırışları fonunda Əl-Əqsa məscidinə qarşı təxribatları davam etdirərək odla oynayır.
– 1967-ci il sərhədləri daxilində ərazi bütövlüyünü qoruyan müstəqil Fələstin dövləti yaradılmayana qədər İsrail sülh tapa bilməyəcək.
– Etnik və dini təfriqə salmaqla Suriyada sabitliyi pozmağa ümid edənlər bilməlidirlər ki, məqsədlərinə çatmayacaqlar.
– Avropanın ayrılmaz hissəsi kimi biz Avropa İttifaqına üzvlük prosesini strateji prioritetimiz hesab edirik
– Hər kəsə başa düşməyi tövsiyə edirik: ölkəmizin və regionumuzun gələcəyində terrora yer yoxdur – və ona uyğun planlar qursun.
– Getdikcə aydınlaşır ki, Türkiyəyə layiqli yer verilmədikcə Avropa tamhüquqlu qlobal oyunçu kimi mövcud ola bilməz.
– Açıq deyirəm: Türkiyəsiz Avropanın təhlükəsizliyini təsəvvür etmək mümkün deyil.