BMT Təhlükəsizlik Şurası təcili iclas keçirəcək
BMT Təhlükəsizlik Şurası dekabrın 9-da Suriyada prezident Bəşər Əsəd hökumətinin devrilməsi və onun ölkəni tərk etməsindən sonra yaranmış vəziyyəti müzakirə etmək üçün bağlı qapılar arxasında fövqəladə iclas keçirəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə “France24” nəşri məlumat yayıb.
Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski bildirib ki, fövqəladə iclas Rusiyanın təşəbbüsü ilə çağırılıb.
Sessiya Nyu-York vaxtı ilə saat 15:00-da baş tutacaq.
Suriya hökumət əleyhinə qüvvələr Homsu ələ keçirdikdən sonra dekabrın 8-də heç bir müqavimətlə qarşılaşmadan Dəməşqi ələ keçirdilər. Rusiya mətbuatının məlumatına görə, Suriya prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvadadır.
ABŞ prezidenti Co Bayden Suriyadakı hadisələrə toxunaraq, bunun suriyalılar üçün daha yaxşı gələcək qurmaq üçün tarixi bir an olduğunu bildirib. O, həmçinin “İslam Dövləti” terror qruplaşmasının Suriyadakı vəziyyətdən sui-istifadə etməsinə imkan verməyəcəyinə söz verib.