Bosniya və Herseqovinanın Brçko şəhəri yaxınlığında Avropa İttifaqının EUFOR sülhməramlı missiyasına məxsus hərbi helikopter qəzaya uğrayıb. İlkin, qeyri-rəsmi məlumatlara görə, hadisə nəticəsində üç nəfər həlak olub.
Vətəninfo.az xəbər verir ki, bu barədə Bosniyanın “Klix.ba” nəşri məlumat yayıb.
Məlumata görə, qəza Brçko ərazisinin Qoriçe yaşayış məntəqəsi yaxınlığında, planlaşdırılmış əməliyyat zamanı baş verib.
EUFOR missiyası hadisəni təsdiqləyərək bildirib ki, helikopterlərindən biri qəza nəticəsində sıradan çıxıb. Bununla belə, missiya hələlik həlak olanların sayı barədə rəsmi məlumat açıqlamayıb.
EUFOR-un açıqlamasında qeyd olunub ki, hadisə nəticəsində mülki infrastruktura, əmlaka və nəqliyyat vasitələrinə ziyan dəyməyib. Mülki əhali arasında xəsarət alan və ya həlak olan yoxdur.
Hadisə yerinə Brçko Rayon Polis İdarəsinin əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Ərazi təhlükəsizlik məqsədilə mühasirəyə alınıb.
EUFOR qəzanın başvermə səbəblərinin və şəraitinin müəyyənləşdirilməsi üçün hərtərəfli araşdırmaya başlanıldığını açıqlayıb.
Missiya sakinləri təsdiqlənməmiş məlumatları yaymamağa və yalnız rəsmi mənbələrin açıqlamalarına istinad etməyə çağırıb.
Qəzanın səbəbləri və mümkün insan itkiləri ilə bağlı əlavə məlumatın Brçko Rayon Polisi və EUFOR tərəfindən açıqlanacağı gözlənilir.


























