“Böyük Yeddilik” (“G7”) ölkələrinin liderləri Fransadakı sammitin yekunu olaraq Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi və Ukraynaya dəstəyin davam etdirilməsi barədə razılığa gəliblər.
Bu barədə “G7” görüşünün nəticələri üzrə qəbul edilmiş yekun bəyanatda deyilir.
“Biz Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi gücləndirməyi öhdəmizə götürürük. Bu kontekstdə biz neft və qaz sektorlarına münasibət də daxil olmaqla, sanksiyalarımızı gücləndirəcəyik”, – sənəddə deyilir.
Sənəddə vurğulanıb ki, hazırkı məqam Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi üçün əlverişlidir, çünki ABŞ Prezidenti Donald Tramp “G7” ölkələrinin dəstəklədiyi Hörmüz boğazının açılması barədə saziş bağlayıb.
Bununla yanaşı, “G7” liderləri “Ukraynaya dəyişməz dəstəyi” təsdiqləyiblər.
“Biz hava hücumundan müdafiə sistemlərinin, əlavə komplekslərin və tutucu raketlərin, eləcə də uzaqmənzilli silahların tədarükünün artırılmasına dair razılığa gəldik”, – bəyanatda qeyd olunub.


























