image-2backend

Böyük Zəfərə yol açan tarixi gün

image-reklam_sirab_01

AMEA-nın Rəyasət Heyətində 27 Sentyabr – Anım Gününə həsr olunan “Qarabağ Zəfərindən Dövlət Suverenliyi Gününə” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoyduğunu, 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Qarabağ Zəfəri Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür.
“Qarabağın işğaldan azad edilməsinin əsası Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra apardığı işlərlə bağlıdır”, – deyən AMEA rəhbəri dahi liderin ictimai-siyasi sabitliyin bərpası, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, eləcə də cəbhə bölgəsində atəşkəs rejiminə nail olmasının böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Füzuli bölgəsində, Horadiz şəhərində ilk dəfə keçirilən döyüşlərdə torpaqlarımızın bir hissəsinin düşməndən azad edilməsinin xalqımızda böyük ümid və inam duyğuları yaratdığını söyləyib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ən müxtəlif səviyyələrdə apardığı beynəlxalq danışıqlıqlar, ardıcıl mübarizə bugünkü diplomatiya və gələcək Qarabağ Zəfərinin bünövrəsi idi.
Natiq vurğulayıb ki, Prezident İlham Əliyevin bu istiqamətdə apardığı çoxcəhətli, yorulmaz və məqsədyönlü fəaliyyəti, onun rəhbərliyi dövründə dövlət siyasətinin işığında yetişdirilən gənc və vətənpərvər nəsil, eyni zamanda formalaşdırılan mükəmməl ordu Qarabağın taleyini Ali Baş Komandanın rəhbərliyi ilə qəti şəkildə müəyyən etmişdir. O, işğaldan azad olunmuş ərazilərimizdə hazırda Böyük Qayıdışın həyata keçirildiyini, irimiqyaslı bərpa və quruculuq işləri sayəsində doğma torpaqlarımızın sürətlə dirçəldiyini bildirib.
Bu gün respublikamızın bütün ərazilərində Azərbaycan Bayrağının dalğalandığını vurğulayan AMEA prezidenti 44 günlük Vətən müharibəsi, lokal xarakterli antiterror tədbirləri, Böyük Qayıdış və həyata keçirilən digər proseslərin Azərbaycana özünün suverenliyi gününü dövlət səviyyəsində qeyd etmə zərurətini meydana çıxardığını deyib.
O, Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamını xatırladaraq, bu sənədi ölkəmizin ictimai-siyasi həyatında əlamətdar tarixi hadisə kimi dəyərləndirib. Bildirib ki, bundan öncə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsi tərtib olunaraq imzalanmışdır. 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Bildirib ki, bundan sonra Azərbaycan xalqı özünün dövlət suverenliyinini dövlət bayramı kimi təntənə ilə qeyd edəcək. Bu, məzmununa və mahiyyətinə görə İstiqlal Bəyannaməsinin, müstəqillik aktının davamı olub, onu yekunlaşdıran, bir daha təsdiq edən sənəddir. Onun sözlərinə görə, Azərbaycanda Dövlət Suverenliyi Gününün təsis edilməsi Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” sözünün əyani isbatıdır.
Prezident İlham Əliyevin Dövlət Suverenliyi Gününü Şuşada, Ağdamda, Xankəndidə keçirilən tədbirlərlə qeyd etməsinin rəmzi mənası olduğunu deyən akademik İsa Həbibbəyli qeyd edib ki, dövlət başçısının sentyabrın 20-də Qarabağ Universitetinin açılışında iştirakı ictimai-siyasi əhəmiyyətə malik olan tarixi hadisələrdir və bütün bunlar Azərbaycanın müstəqil dövlət kimi tarixi nailiyyətləridir.
Sonra AMEA Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürovun “İkinci Qarabağ müharibəsi və dövlət suverenliyinin siyasi-tarixi əhəmiyyəti” adlı məruzəsi dinlənilib. Məruzəçi Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb.
Azərbaycanın tarixinin dövlət, mübarizə və azərbaycançılıq tarixi olduğunu söyləyən məruzəçi Azərbaycan xalqının 20-dən çox dövlət yaratdığını, tarixi inkişaf prosesində 20-dən artıq dünya miqyaslı imperiyalarının tərkibində olduğunu bildirib. Diqqətə çatdırıb ki, dünyada 15 mindən çox sayıla bilən müharibələr aparılıb, Azərbaycan dövlətləri 70-dən çox müharibədə iştirak edib, onlardan 4-ü Ermənistanla baş verib.
Professor Kərim Şükürov müasir tariximizin ən faciəvi dövrünün 1991-1993-cü illərə, I Qarabağ müharibəsinə təsadüf etdiyini və Azərbaycanın öz torpaqlarının 20 faizini itirdiyini , 600 mindən çox insanın məcburi köçkünə çevildiyini söyləyib. O, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası ilə nəticələnən İkinci Qarabağ müharibəsində qazanılmış Zəfəri xalqımızın tarixində bənzəri olmayan parlaq qələbə kimi dəyərləndirib. Bunun, eyni zamanda, mənəviyyat hadisəsi, milli qürur və milli ləyaqətin bərpası olduğunu qeyd edib.
“Böyük Qayıdış hərəkatı Yeni Azərbaycanın manifestidir” adlı məruzə ilə çıxış edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqının son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail olduğunu vurğulayıb. Məruzəçi bildirib ki, 30 ildən sonra işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir.
Eynulla Mədətli Böyük Qayıdışın daha geniş fəlsəfi anlamda tətbiqinin zəruriliyini qeyd edib, Fəlsəfə və Sosiologiya İnstitutunda bu istiqamətdə aparılan tədqiqatlardan bəhs edib.
Tədbirdə AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev çıxış edərək sentyabrın 27-sinin Azərbaycan xalqının tarixində ən önəmli, şərəfli günlərdən biri olduğunu, tariximizə qızıl hərflərlə yazıldığını deyib. Alim bildirib ki, dövlət başçısı İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını qarşıya hədəf kimi qoymuşdur: “Uzun illər ərzində dövlət başçısı ölkəmizin hərbi qüdrətinin artırılması və ordu quruculuğu sahəsində məqsədyönlü tədbirlər həyata keçirmişdir. 4 il öncə bütün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi dövründə yumruq kimi birləşmiş, dövlət başçısının çağırışlarına cavab olaraq həmrəylik nümayiş etdirmişdir”. Alim, həmçinin Qarabağ müharibəsindən sonra dövlətimizin yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu, bütün sahələrdə olduğu kimi Azərbaycan elmi qarşısınsda da mühüm vəzifələrin müəyyənləşdirildiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki