image-2backend

BRICS ölkələri ilə tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi Azərbaycanın iqtisadi siyasətinə əsaslanır

image-reklam_sirab_01

Azərbaycan dünyada böyük nüfuza və etimada sahib olan dövlətdir. Ötən illər ərzində həyata keçirilən uğurlu xarici siyasət ölkəmizin beynəlxalq tərəfdaşlarının sayını əhəmiyyətli dərəcədə artırıb. Bunun nəticəsidir ki, ölkəmiz bir sıra beynəlxalq platformalarda fəal iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı da bu reallığın göstəricisidir.

Hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. Kazanda keçirilən builki BRICS Sammitidə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş iştirak ediblər. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddə birindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, beynəlxalq ticarətin təxminən 20 faizi, maliyyə resurslarının isə 25 trilyon dolları BRICS ölkələrində cəmləşib. Nüfuzlu “The Economist Group”un araşdırma qrupu “Economist Intelligence Unit”in ekspertlərinin qənaətinə əsasən, BRICS+ ölkələrinin iqtisadiyyatının həcmi 20 trilyon dollar, G7 ölkələrinin iqtisadiyyatının cəmi isə 40 trilyon dollar təşkil edib. Halbuki, 10 il əvvəl bu fərq 3-4 dəfə idi. Proqnozlara görə, fərq getdikcə azalmağa və bərabərləşməyə doğru gedir.

BRICS ölkələri ilə tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi Azərbaycanın iqtisadi siyasətinə və dünyada yaranan yeni reallıqlara əsaslanır. Respublikamız BRICS-in iki üzvü ilə yaxın qonşudur, hər ikisi ilə sıx iqtisadi əməkdaşlıq proqramları var, Şimal-Cənub nəqliyyat alyansını bu ölkələrlə birgə yaradıb, dəhlizin böyük bir hissəsi ölkəmizin ərazisindən keçir, eləcə də digər regional layihələrin həyata keçirilməsi istiqamətində aramsız səylər göstərilməkdədir. Bundan başqa, Azərbaycanın 170 xarici iqtisadi ticarət tərəfdaşının böyük bir qismi də BRICS-də təmsil olunan ölkələrdir. Ölkəmizin 2023-cü ildə xarici ticarət dövriyyəsinin beşdə biri, təxminən 20,8 faizi BRICS üzvlərinin payına düşüb. Azərbaycan nəhəng iqtisadi potensialı olan bir platforma ilə təmasları intensivləşdirməsi və maksimum faydalanmağa çalışması tam normal və məntiqlidir.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gəlib. Ertəsi gün səfər çərçivəsində cənab Prezident XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirak edərək çıxış edib.

Prezident İlham Əliyevin sammitdə dediyi kimi, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır: “Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Azərbaycan BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına dörd il uğurla sədrlik edib və bu dövrdə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Bu nümunə deməyə əsas verir ki, Azərbaycan BRICS müstəvisində də fəal əməkdaşlıq həyata keçirəcək. Bundan əlavə, Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi BRICS ölkələri arasında iqtisadi-ticari əlaqələrin inkişafı baxımından cəlbedicidir. Coğrafi mövqe və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Ona görə də, BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur.

                                                      Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki