Britaniya öz vətəndaşlarına bu ölkəni dərhal tərk etməyə çağırıb
Böyük Britaniyanın baş naziri Keir Starmer ölkə vətəndaşlarını İsraillə Livanın Hizbullah qruplaşması arasında münaqişənin kəskinləşdiyi Livanı tərk etməyə çağırıb. Vətəninfo.az-in məlumatına görə , bu barədə BBC məlumat yayıb.
Starmer bildirib ki, Birləşmiş Krallıq vətəndaşları dərhal tərk etməlidirlər.
Britaniyanın Müdafiə Nazirliyi Britaniya vətəndaşlarının Livandan mümkün təxliyəsinə hazırlıq üçün yaxınlıqdakı Kiprə 700 hərbçi göndərir. Hökumət həmçinin ölkə vətəndaşlarına Livana səyahət etməməyi tövsiyə etməkdə davam edir.
Sentyabrın 23-dən Qəzza zolağında davam edən hərbi əməliyyatlara paralel olaraq İsrail Livana zərbələr endirir. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Livana hücumu nəticəsində 50-si uşaq olmaqla 569 nəfər ölüb. 1835 nəfər yaralanıb. Livanın cənubundan on minlərlə insan təxliyə edilib.