Böyük Britaniyada İranla əlaqəli casusluq işi üzrə iki nəfər məhkəmə qarşısına çıxarılıb. Onlar İran hakimiyyətini tənqid edən “Iran International” telekanalının jurnalistlərini izləməkdə və onlar haqqında məlumat toplamaqda təqsirli biliniblər.
Vətəninfo.az xəbər verir ki, məlumata görə, 41 yaşlı Mustafa Sepəhvənd və 46 yaşlı Fərhad Cavadiməneş 2024-cü ilin avqustundan 2025-ci ilin martınadək jurnalistlərin fəaliyyətini izləyib, onların hərəkətləri və şəxsi məlumatları barədə məlumat toplayıblar.
İstintaqın materiallarına əsasən, hər iki şəxs SEPAH-la əlaqəli casusluq fəaliyyəti çərçivəsində hərəkət etməkdə ittiham olunub. Onların təhlükəsizlik qüvvələri tərəfindən saxlanılması anlarını əks etdirən görüntülər də yayılıb.
Məhkəmə prosesi zamanı Sepəhvənd hədəfə alınan jurnalistlərdən ən azı birinə hücum etmək üçün ona 150 min funt sterlinqədək pul təklif edildiyini bildirib.
İş İran hakimiyyətini tənqid edən media nümayəndələrinin Böyük Britaniyada təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.


























