Bu haqsızlıqlar və ədalətsizliklərlə yadda qalan Şəfiqə Məmmədova yola salınır
Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə (ARKİ) vahid ad altında birləşir.
Vətəninfo.az-ın məlumatına görə, ittifaqlar birləşəndən sonra illərdir Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri vəzifəsində çalışmış, Xalq artisti Şəfiqə Məmmədova yola salınacaq.
Ş.Məmmədova illərdir dövlətdən milyonlarla vəsait almasına baxmayaraq heç bir uğurlu fəaliyyəti ilə yadda qalmayıb.
Onun adı gah qalmaqallı “parkovka” məsələsi, gah önəmli Xalq artistlərinin müalicə pullarını kəsməklə, bir sıra nüfuzlu kino adamlarına İttifaqa daxil olmasına qadağa qoyması, gah da kinoya heç bir aidiyyatı olmayan oğluna İttifaqda yüksək maaşlı vəzifə verməsi ilə gündəmdə olub. Bundan əlavə ittifaqın üzvləri tərəfindən şəhid ailələri və qazilər üçün yığılan pulların mənimsənilməsi ilə bağlı dəfələrlə məqalələr dərc edilib.
Sadalanan bu faktlar Şəfiqə Məmmədovanın yüksək postunu itirməsi üçün zəmin yaradıb.
Onu da bildirək ki, Respublika Kinematoqrafçılar İttifaqı yaradılarkən onun bütün nizamnaməsini və strukturunu Əməkdar incəsənət xadimi Cəmil Quliyev hazırlayıb. Buna baxmayaraq Şəfiqə Məmmədova öz “priomları” ilə onun da İttifaqdan uzaqlaşmasına nail olub.
Bütün bu haqsızlıqlarla bağlı nüfuzlu kino adamları, Xalq artistləri, Xalq yazıçıları, Əməkdar artistlər mətbuata zaman-zaman açıqlama veriblər. Onlar bu haqsızlıqlarla bağlı müvafiq qurumlara rəsmi müraciətlər etdiklərini də bildirmişdilər.Manşet.az