Fransa ilə diplomatik münasibətləri kəsən Burkina Faso hakimiyyəti Parisə 26 iyundan başlayaraq Uaqaduqudakı səfirliyini bağlamaq üçün yeddi gün vaxt verib. Bu barədə “Le Monde” qəzeti mənbələrə istinadən məlumat yayıb . Vətəninfo.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Fransa səfiri Afrika ölkəsini 2023-cü ilin yanvar ayında tərk edib və o vaxtdan bəri onun vəzifələrini müvəqqəti işlər vəkili yerinə yetirir. Diplomatik missiyada onunla birlikdə diplomatlar, inzibati heyət və təhlükəsizlik işçiləri də daxil olmaqla təxminən 20 nəfər çalışırdı. Qəzet qeyd edir ki, onlar bu müddət ərzində “minimal xidmətlər göstərməyə davam ediblər”.
Qəzetin mənbələri iddia edir ki, Burkina Fasonun Fransa ilə diplomatik münasibətləri kəsmək qərarı Avropa Parlamentinin qətnaməsi ilə bağlıdır. Bu, Aİ qanunverici orqanının 18 iyunda qəbul etdiyi “Burkina Fasoda vətəndaş məkanına və fundamental azadlıqlara qarşı repressiyaları” pisləyən qətnaməyə aiddir. Mətnin müəllifi, fransız millət vəkili və təqaüddə olan general Kristof Qomar Avropa Parlamentində çıxış edərək Burkina Fasoda “xunta rejiminin dramatik uğursuzluğunu” elan etdi. Qətnamə ilə bağlı səsvermədən sonra Aİ-nin Uaqaduqudakı nümayəndəsi 22 iyunda Burkina Faso Xarici İşlər Nazirliyinə çağırıldı. Afrika ölkəsinin hakimiyyəti qətnamənin qəbul edilməsindən narazılığını bildirdi.
27 iyun gecəsi Burkina-Faso hökuməti Fransa ilə diplomatik münasibətlərin kəsildiyini elan edərək, onu Afrika dövlətinin maraqlarına yönəlmiş hərəkətlər etməkdə günahlandırdı. Burkina-Faso hakimiyyəti bəyanatlarında Parisi neokolonializmdə və Sahel bölgəsində terrorçu şəbəkələrə dəstək verməkdə, eləcə də ölkədə baş verən hadisələrin təhrif olunmuş şəkildə işıqlandırılmasında ittiham edir. Bu fonda qarşılıqlı hörmət, etimad, daxili işlərə qarışmamaq və milli suverenliyə hörmət əsasında münasibətlərin inkişafı üçün zəruri şərtlərin “artıq mövcud olmadığı” vurğulanır.
Fransa Xarici İşlər Nazirliyi öz növbəsində Burkina Fasonun münasibətləri kəsmək qərarından sonra Parisin mümkün əks tədbirləri nəzərdən keçirdiyini açıqladı.


























