Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatması işğalçı dövlətin başçısı Vladimir Putinin deyil, ABŞ Prezidenti Donald Trampın qələbəsi olmalıdır.
Vətəninfo.az xəbər verir ki, Zelenski bu fikirləri Davosda “Bloomberg TV”-yə müsahibəsində deyib.
Zelenski bu mövzuyla bağlı suala belə cavab verib: “Ukraynada müharibənin bitməsi məsələsi, məncə, Putinin deyil, Trampın qələbəsi olmalıdır. Putin onun üçün heç kimdir. Amerika qat-qat güclüdür, Avropa güclüdür, Çin də Rusiyadan güclüdür. Onların hamısı oyunçudur. Bizim müharibə zamanı hamı gördü ki, Rusiya Ukraynanı işğal etməyə qadir deyil. Bu, Rusiyanın gücündən xəbər verir. Sadəcə olaraq, məsələ ondan ibarətdir ki, onlar(Rusiya-red.) böyükdürlər, silahları çoxdur və insanlara yazıqları gəlmir. Biz konkret olaraq Avropanı, NATO ölkələrini müdafiə edirik. Putin isə ora da gedəcək. Odur ki, Tramp bundan qalib kimi çıxmalıdır və o, buna qadirdir. Amma Putin qalib gəlsə, Tramp qalib olmayacaq. Ən təhlükəlisi isə odur ki, o, bu razılaşmanı həyata keçirsin, lakin Putin daha sonra geri qayıtmaq imkanı əldə etsin.
Təsəvvür edin ki, prezident Tramp elə bir qələbəyə, zirvəyə çatır. Bundan sonra isə Putin mütləq ətrafdakı hər şeyi, hər kəsi alçaltmaq üçün işğalçılıqla geri qayıdır. Bu, hər kəs üçün dəhşətli bir düşüş olacaq. O zaman biz hamımız uduzacağıq. Çünki sadəcə olaraq Putinin sözlərinə və ya onun imzasına inanmaq olmaz”.
O qeyd edib ki, Rusiya ilə hər hansı danışıqlara başlamazdan əvvəl birgə fəaliyyət planının formalaşdırılması vacibdir: “Düşünürəm ki, müharibəni həqiqətən bitirmək istəyən hamımız üçün Putinlə ünsiyyət qurmazdan əvvəl bir plan hazırlamağımız məsləhətdir. Məncə, bu, ABŞ-nin, Avropa İttifaqının, bütövlükdə Avropanın maraqlarına uyğundur, bu, Ukraynanın və xalqımızın maraqlarına cavab verir”.“AzPolitika.info”