Vətəninfo.az xəbər verir ki, Kanadada istefa edəcəyini açıqlayan baş nazir Castin Trudo ölkəsinin Amerika Birləşmiş Ştatlarına qoşulmasının ən kiçik bir ehtimalının belə olmadığını bildirib. O, “X” sosial media hesabında paylaşdığı açıqlamada ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Kanadanın ABŞ-a birləşməsi ilə bağlı fikirlərinə cavab verib.
Kanadanın ABŞ-a qoşulmasının ən kiçik ehtimalının belə olmadığını vurğulayan Trudo iki ölkənin uzun illərdir bir-birinə ticari və təhlükəsizlik sahəsində fayda verdiyini qeyd edib.
Baş nazir 6 yanvarda Ottavada təşkil etdiyi mətbuat konfransında iqtidarda olan Liberal Partiya yeni lider seçdikdən sonra partiya rəhbərliyi və baş nazirlik vəzifələrindən istefa edəcəyini açıqlamışdı. Donald Tramp isə bundan əvvəl dəfələrlə Kanadanın ABŞ-a 51-ci ştat kimi daxil olması lazım olduğunu müdafiə etmişdi. Kanadalıların ABŞ-ın bir hissəsi olmaq istədiklərini iddia edən Tramp Trudo haqqında dəfələrlə “qubernator” ifadəsini işlədib.
Donald Tramp həmçinin Kanadanın ayaqda qalması üçün lazım olan böyük ticarət kəsirini və subsidiyaları ABŞ-ın daha çox daşıya bilməyəcəyini qeyd edib və Trudonun məhz buna görə istefa verdiyini irəli sürüb.