Cənubi Koreya özünün milli istehsalı olan “Nuri” raketdaşıyıcısı ilə 8 peyki müvəffəqiyyətlə kosmosa buraxıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Aerokosmik Tədqiqatlar İnstitutundan (KARI) verilən bəyanatda bildirilib. Bəyanatda KSLV-II olaraq da adlandırılan 200 tonluq “Nuri” raketdaşıyıcısının ölkənin cənub sahilindəki Qoheung qəsəbəsindəki Naro kosmodromundan yerli vaxtla saat 18:24-də kosmosa buraxıldığı bildirilib.
Mütəxəssislər orbitə buraxılan peyklərin Cənubi Koreyanın hərbi casus peyklərini orbitə yerləşdirmək və uzaq mənzilli raketlər hazırlamaq üçün texnologiya və praktiki məlumat toplamasına kömək edəcəyini bildirir.
Hazırda Şimali Koreya obyektlərini izləmək üçün ABŞ-ın casus peyklərindən istifadə edən Cənubi Koreyanın bu il ilk casus peykini orbitə çıxaracağı gözlənilir.