Cənubi Koreya və Amerika Birləşmiş Ştatları Cənubi Koreyada 11 gün davam edəcək birgə hərbi təlimə başlayıb.
“Yonhap”ın xəbərinə görə, “Ulchi Freedom Shield” (UFS) adlı hərbi təlimi simulyasiya, birgə döyüş hazırlığı və Ulçi mülki müdafiə manevrlərini əhatə edir.
Cənubi Koreya və ABŞ-ın birgə təşkil etdiyi təlimdə 30 müxtəlif sahə tədqiqatının aparılması planlaşdırılıb.
Təlimdə ABŞ və Cənubi Koreyadan başqa, Avstraliya, Kanada, Fransa, İngiltərə, Yunanıstan, İtaliya, Yeni Zelandiya, Filippin, Tailand və BMT-nin Cənubi Koreyadakı komandanlığı iştirak edir.
Cənubi Koreya Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, UFS çərçivəsində idarə olunan raket hücumları və düşmən döyüş təyyarələri tərəfindən hava məkanının pozulmasına qarşı F-35A, F15K və FA-50 kimi 20 döyüş təyyarəsi ilə də təlim keçiriləcək. Hərbi manevrlərdə pilotlara düşmən təyyarələrinin aşkarlanması, onların qarşısının alınması, hava və raket hücumundan müdafiə qüvvələri də daxil olmaqla mümkün cavab təlimləri də olacaq.


























