Çexiya Ukraynaya müharibə başlayandan bəri 17,4 milyard kron (təxminən 800 milyon ABŞ dolları) dəyərində hərbi yardım göstərib.Vətəninfo.az xəbər verir ki, bu barədə ČTK xəbər agentliyi ölkənin baş naziri Petr Fialaya istinadən məlumat yayıb.
Fialanın sözlərinə görə, Ukraynaya göstərilən dəstəyə görə Çexiya Avropa İttifaqından maliyyə kompensasiyası, həmçinin ABŞ və Almaniyadan texnoloji dəstək alıb. Ümumilikdə bu yardımın dəyəri 25 milyard krona (təxminən 1,2 milyard dollar) çatıb.
Məlumatda qeyd olunur ki, 2022-ci il fevralın 24-dən — Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra — Çexiya Ukrayna Silahlı Qüvvələrinə ordu anbarlarından artıq hərbi texnika göndərib, yeni avadanlıqlar alıb və Ukrayna hərbçiləri üçün təlim proqramları həyata keçirib.
Bundan əlavə, Qərb ölkələrinin dəstəklədiyi və “Çexiya təşəbbüsü” adlanan proqram çərçivəsində Ukraynaya üçüncü ölkələrdən 3,7 milyondan çox artilleriya mərmisi tədarük olunub.
Çexiya hökuməti bəyan edib ki, Ukraynaya yardım proqramı yaxın illərdə də davam etdiriləcək.