image-1backend

Ceyhun Bayramov BMT baş katibinin köməkçisi ilə görüşüb

image-reklam_sirab_01

Noyabrın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan BMT baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və MDB üzrə regional bürosunun direktoru İvana Jivkoviç ilə görüşüb.

Vətəninfo.az xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

Görüş zamanı Azərbaycan və BMTİP arasında mövcud əməkdaşlıq gündəliyində duran, habelə Azərbaycanın COP29 sədrliyindən irəli gələn məsələlər müzakirə edilib.

Azərbaycanın BMTİP ilə uğurlu qarşılıqlı faydalı əməkdaşlığının mövcudluğunu qeyd edən nazir Ceyhun Bayramov, xüsusilə dayanıqlı inkişaf gündəliyinin irəlilədilməsi istiqamətində birgə layihələrin icrasını, ölkəmizin bu sahəyə sistematik yanaşmasının göstəricisi olaraq Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını, tərəfimizdən indiyədək 3 Könüllü Milli Hesabatın təqdim olunduğunu qeyd edib.

Ölkəmizin işğaldan azad olunmuş ərazilərindəki mina təhdidi ilə mübarizə səylərindən ətraflı bəhs olunub.

Azərbaycanın geniş yaşıl enerji potensialına əsaslanan inkişaf strategiyası, yaşıl enerji sahəsində regional və beynəlxalq layihələr, xüsusilə Xəzər və Qara dəniz hövzələrini birləşdirərək yaşıl enerji dəhlizinin yaradılması təşəbbüsündən bəhs olunub. Bu istiqamətdə, COP29 çərçivəsində imzalanmış “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in əhəmiyyəti qeyd olunub.

COP29 sədrliyimizin əsas prioriteti olan iqlim maliyyəsi mövzusunun irəlilədilməsi istiqamətində beynəlxalq təşkilatların, o cümlədən BMTİP-in aktiv iştirakçılığının vacibliyi vurğulanıb.

Bakıda keçirilən COP29 çərçivəsində ilk gündən etibarən Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılığın əldə olunması, İtki və Zərərlərə Cavab Fondunun işə başlanmasını təmin edən irəliləyişlər, habelə çoxtərəfli inkişaf bankları tərəfindən iqlim maliyyəsi üçün öhdəliyin illik əsasda 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması əhəmiyyətli uğur kimi qiymətləndirilib.

Qarşı tərəf Azərbaycan və BMTİP arasında müxtəlif sahələrdə əməkdaşlığın məmnunluq doğurduğunu, xüsusilə mina təhdidi ilə mübarizə sahəsinə BMTİP tərəfindən xüsusi əhəmiyyət verildiyini, bu istiqamətdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə Azərbaycanda Minalardan Təmizləmə üzrə Beynəlxalq Mükəmməllik və Təlim Mərkəzinin yaradılması üzərində birgə fəaliyyətin aparıldığı bildirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image