Çin sualtı qayıq texnologiyalarını sürətlə inkişaf etdirir. Bu isə ABŞ və onun müttəfiqlərini, xüsusilə Avstraliya və Böyük Britaniyanı, öz sualtı donanmalarını gücləndirməyə və müdafiə strategiyalarını yenidən nəzərdən keçirməyə vadar edir. Mövzuya Wall Street Journal (WSJ) geniş təhlil həsr edib.
Məqaləyə görə, Çin yeni sualtı qayıqları daha səssiz, sürətli və texnoloji baxımdan inkişaf etmiş silah və sensorlarla təchiz edir. Bu qayıqlar daha uzun müddət su altında qala bilir və mürəkkəb əməliyyatlar həyata keçirmək imkanına malikdir. Bu isə Pekini qlobal sualtı texnologiyalarda ABŞ-la rəqabət aparacaq səviyyəyə çatdırır.
Çin hərbçiləri Cənubi Çin dənizi və Tayvan yaxınlığında fəaliyyətlərini genişləndirir. Ekspertlərə görə, bu bölgələrdə sualtı qayıqlar gizli və davamlı güc nümayişi baxımından kritik rol oynayacaq.
ABŞ isə Avstraliya və Böyük Britaniya ilə birgə AUKUS adlı təhlükəsizlik paktı çərçivəsində 2021-ci ildən Avstraliyaya nüvə sualtı qayıqları verməyi və birgə yeni nəsil qayıqlar hazırlamağı planlaşdırır.
Əvvəllər Çin əsasən dizel-elektrik sualtı qayıqlardan istifadə edirdi. 1974-cü ildə ilk nüvə sualtı qayığı işə salındıqda, o, çox səsli, yavaş və ekipaj üçün radiasiya baxımından təhlükəli idi.
Lakin bu gün Çin sürət, məsafə və dayanıqlıq baxımından ciddi irəliləyiş əldə edib. Bu isə ölkənin gizli əməliyyat imkanlarını genişləndirir.
“Onlar sualtı əməliyyatlarda texnoloji sıçrayışın astanasında ola bilərlər – elə bir səviyyədə ki, izlənilməsi çox çətin olacaq”, – deyə ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı Brent Sedler bildirib.
Müdafiə üzrə ekspert Cennifer Kavaninin fikrincə, sualtı qayıqlar hərbi gücün nümayişi üçün ideal vasitədir. Onlar nisbətən az personal tələb edir və təyyarələr və suüstü gəmilərlə müqayisədə daha az riskə yol açır.
Həmçinin qeyd edilir ki, hazırda İndo-Sakit okean regionunda bir çox ölkə strateji dəniz yollarını qorumaq və gizli müdafiə potensialı yaratmaq üçün sualtı qayıqlara yatırım edir.
“Regionda dəniz donanması olan demək olar ki, hər bir ölkə ya sualtı qayıqlar inşa edir, ya da satın alır”, – deyə Strategic Analysis Australia təşkilatının direktoru Piter Cennings bildirib.
Məqalədə o da qeyd olunur ki, ABŞ və onun müttəfiqləri Çinlə texnoloji yarışda geri qalmaq riski ilə üz-üzədir. Bu, gələcəkdə bölgədə güc balansına təsir edə bilər.
Qeyd edək ki, daha əvvəl Rusiya və Çin ilk dəfə olaraq Sakit okeanda birgə sualtı qayıq patrulu həyata keçirib. Rusiya mətbuatının yazdığına görə, patrulda “Volxov” adlı dizel-elektrik sualtı qayığı da iştirak edib və Vladivostok bazasından təxminən 2000 mil məsafə qət edib.
Çinli hərbi ekspertlər bu missiyanı Pekin və Moskva arasında yüksək strateji etimadın sübutu kimi qiymətləndiriblər.
“Sualtı patrullar və birgə təlimlər iki ölkənin dəniz təhlükəsizliyi sahəsindəki imkanlarını artırır”, – deyə Çin hərbi analitiki Çjan Tsyunşe bildirib.