image-reklam-veteninfo
image-1backend

Çində daşqın zamanı ilan fermasından 900-ə yaxın ilan qaçıb

image-reklam-veteninfo

Çinin cənubunda baş verən güclü tayfun və onun yaratdığı daşqınlar nəticəsində ilan fermasından təxminən 900 ilan qaçıb. Hadisədən sonra ölümcül kobraların da yayıldığı Dengvey kəndində fövqəladə vəziyyət elan edilib.

Vətəninfo.az xəbər verir ki, Global Times qəzetinin məlumatına görə, Quansi (Guangxi) muxtar rayonunda yerləşən Liulan bəndi güclü yağışlar və daşqınlar nəticəsində dağılıb. Nəticədə su ilan fermasının ərazisinə dolaraq mühafizə divarlarını və çəpərləri uçurub. Bu səbəbdən fermada saxlanılan təxminən 900 ilan ətrafa yayılıb.

Məlumata görə, qaçan ilanlar arasında zəhərli kobralar da var. Sosial şəbəkələrdə yayılan görüntülərdə yüzlərlə ilanın su basmış küçələrdə hərəkət etdiyi, bəzilərinin isə yaşayış evlərinin pəncərələrinə dırmaşmağa çalışdığı əks olunub.

Daşqın sularının bel səviyyəsinə çatdığı kənddə sakinlər özlərini ilanlardan qorumaq üçün bambuk çubuqlardan istifadə ediblər. Hadisə əhali arasında ciddi narahatlıq və təşviş yaradıb.

Bundan sonra yerli hakimiyyət orqanları bölgədə fövqəladə vəziyyət elan edib. Əraziyə axtarış-xilasetmə və təcili yardım qrupları cəlb olunub. Quançjou Fövqəladə Halların İdarə Edilməsi Bürosunun məlumatına görə, xüsusi qoruyucu geyimlə təchiz olunmuş qruplar həm qaçan ilanların tutulması, həm də daşqından zərər çəkən sakinlərin təxliyəsi istiqamətində əməliyyatlar həyata keçirirlər.

Səlahiyyətlilər ilan sancmalarına qarşı antidot ehtiyatlarının artırıldığını, yerli xəstəxanalarda isə xüsusilə kobra sancmaları ilə bağlı operativ tibbi yardım xidmətlərinin gücləndirildiyini bildiriblər.

İlkin məlumata görə, indiyədək bir nəfər ilan sancması nəticəsində xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Çinin cənubunu vuran tayfun bölgədə genişmiqyaslı daşqınlara səbəb olub. Yerli mənbələrin məlumatına əsasən, təbii fəlakət nəticəsində azı 39 nəfər həyatını itirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki