image-asim-asimbackend

“COP29: Azərbaycanın iqlim hərəkatı təşəbbüsləri” adlı layihə çərçivəsində Samur-Yalama Milli Parkına infotur təşkil olundu

image-reklam_sirab_01

 

“Gənclərə Qayğı” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə QHT-lər üçün elan etdiyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsinin “COP29: Azərbaycanın iqlim hərəkatı təşəbbüsləri” adlı layihəsi çərçivəsində gənclərin iştirakı ilə Samur-Yalam Milli Parkının yaranma günü münasibətilə infotur təşkil olundu.

Bu infoturun məqsədi tələbələrə Azərbaycanın milli parklarının biomüxtəlifliyi, ekosistemin qorunması, təbiətin dəyəri və ətraf mühitin mühafizəsi ilə bağlı biliklər vermək, onların milli parklara olan marağını artırmaq və təbiət irsimizin gələcək nəsillərə ötürülməsində fəal iştiraklarını təmin etməkdir. Eyni zamanda, tələbələrin ətraf mühit və ekoloji maarifləndirmə sahəsində biliklərinin artırılması, milli parkların əhəmiyyəti və təbiətimizin zənginliyi barədə məlumatların geniş kütləyə çatdırılması məqsədi daşıyır.

Tədbiri giriş sözü ilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Xüsusi mühafizə olunan ərazilərin inkişafı şöbəsinin müdiri Elnur İbrahimov açaraq milli parkların Azərbaycanın təbiət sərvəti olduğunu vurğuladı. O, bu cür infoturların gənclər arasında parkların vəhşi təbiətinin qorunması və ətraf mühitin mühafizəsi sahəsində daha çox bilik əldə etmələrinə şərait yaratdığını bildirdi. Xüsusi mühafizə olunan ərazilərin inkişafı şöbəsinin məsləhətçisi Aytac Xələfli Samur-Yalama Milli Parkının özəlliklərindən də bəhs edərək Samur-Yalama Milli Parkının Azərbaycanın ən zəngin biomüxtəlifliyə malik ərazilərindən biri olduğunu qeyd etdi. Samur-Yalama Milli parkının rəisi Aqşin Qurbanov çıxış edərək qeyd edib ki, burada müxtəlif bitki və heyvan növləri, o cümlədən Azərbaycan Respublikasının Qırmızı Kitabına düşən nadir növlər yaşayır. Parkın flora və faunası həm yerli ekosistemin, həm də regionun təbiətinin qorunmasında mühüm rol oynayır. Bura meşələr, çəmənliklər, çay sahələri kimi fərqli ekosistemləri əhatə edir ki, bu da parkı müxtəlif canlı növləri üçün əlverişli məkan halına gətirir. Samur-Yalama Milli Parkı həm də ekoturizm üçün geniş imkanlar yaradır, təbiət həvəskarlarına nadir bitki və heyvan növlərini müşahidə etmək imkanı təqdim edir. Həmçinin turistlərin asudə vaxtının səmərəli təşkili üçün 5 ekoturizm xidmətləri mövcuddur. Xidmətlərə piyada, atla və kvadrosikklə gəzinti, veloyürüş, düşərgə, piknik, uşaq-əyləncə guşəsi və fotozona daxildir.

“Gənclərə Qayğı” İctimai Birliyinin layihə rəhbəri və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova çıxışında layihənin əhəmiyyətinə toxunaraq bildirdi ki, ekoloji maarifləndirmə yalnız bu cür infoturlar vasitəsilə geniş yayıla bilər. O, tələbələrin ətraf mühitlə bağlı biliklərinin artırılmasının gələcəkdə onların sağlam və ekoloji düşüncəyə sahib vətəndaşlar kimi yetişməsində əhəmiyyətli rol oynayacağını vurğuladı.

Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev gənclərin ekoloji maarifləndirilməsi və təbiətə qayğıkeş münasibət aşılanmasının gələcək nəsillər üçün zəruri olduğunu qeyd etdi. O, gənclərin bu kimi layihələrdə iştirakı ilə həm fərdi, həm də ictimai məsuliyyət hisslərinin artacağına əmin olduğunu bildirdi.

Nəzərinizə çatdırırıq ki, layihə çərçivəsində Hirkan milli parkına növbəti səfər, Bakı forumu, universitet tələbələri ilə görüş və COP29 Yaşıl zonasında xarici ekspertlərin iştirakı ilə təqdimatlar həyata keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image