Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Türkiyənin mövcud şəraitdə geosiyasi əhəmiyyətini artırdığını və buna görə də əhəmiyyətli ölkə olduğunu söyləyib.
Vətəninfo.az xəbər verir ki, Cozep Borrell Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə keçirdiyi birgə mətbuat konfransında Türkiyə ilə bağlı əhəmiyyətli bəyanatlar verib.
Türkiyə-Avropa İttifaqı münasibətlərinə toxunan Cozep Borrell deyib: “Başlanğıcda indiki vəziyyətimizdən çox daha çətin bir vəziyyətdə idik. Qarşılıqlı maraq doğuran sahələrlə yenidən məşğul olduq” .
Türkiyənin Avropa İttifaq üçün əhəmiyyətini vurğulayan Cozep Borrell deyib: “Türkiyə indiki şərtlərdə geosiyasi əhəmiyyəti daha çox artan namizəd ölkədir. Türkiyə çox önəmli ölkədir”.
Türkiyə rəsmiləri ilə görüşləri davam etdirəcəklərini bildirən Cozep Borrell 2024-cü ilin aprelində Avropa İttifaqının Türkiyə ilə strateji, siyasi və iqtisadi əməkdaşlıq və qarşılıqlı faydalı əlaqələr inkişaf etdirmək arzusunda olduğunu bəyan etdiyini və o vaxtdan bəri konstruktiv fikir mübadiləsi üçün konkret addımların atıldığını açıqlayıb.
Cozep Borrell deyib: “Türkiyə ilə əlaqələrimizi davam etdirmək üçün kifayət qədər səbəblər var” .
2024-cü ilə dair Genişlənmə Paketində yer alan “Türkiyə Hesabatı”nda əməkdaşlıq və qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsinin Aİ-nin strateji maraqlarına uyğun olduğu bildirilib və Türkiyənin bu sahədə fəal və mühüm aktor olduğu vurğulanıb.