10:41
Dağıstanda baş vermiş terror aktları nəticəsində 20 nəfər ölüb.
Rusiya KİV xəbər verir ki, hadisə zamanı azı 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb.
Xəstəxanalarda daha 22 nəfərin müalicə aldığı qeyd olunub.
***
08:02
İyunun 23-də Dağıstanda baş verən terror aktları 15-dən çox polis əməkdaşının həyatına son qoyub.
Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Melikov özünün teleqram kanalında yayımladığı videoda bildirib.
Onun sözlərinə görə, 15-dən çox polis Dağıstanın əmin-amanlığını qoruyan zaman terror aktının qurbanı olub.
Qeyd edək ki, onlardan biri Dağıstan İşıqları polis idarəsinin rəisi Mavludin Xıdırnəbiyevdir. O, terrorçularla atışma zamanı ağır yaralanaraq dünyasını dəyişib.
Bundan başqa 24, 25 və 26 iyun Dağıstanda matəm günləri elan edilib. Müvafiq fərmanı Sergey Melikov imzalayıb.
Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.
***
23.06.24
21:50
Mahaçqala və Dərbənddə baş verən hücumlar nəticəsində hüquq-mühafizə orqanlarının 6 əməkdaşı həlak olub, 12 nəfər yaralanıb.
Bu barədə “İnterfaks” məlumat verib.
Məlumata görə, silahlıların axtarışı davam edir. Mahaçqalada hücum edənlərdən ikisinin öldürüldüyü məlum olub. Ən azı daha iki nəfər saxlanılıb.
Hücum edənlərin sayı məlum deyil.
***
21:20
Dərbənddə kilsə və sinaqoqa, eləcə də Mahaçqalada yol polisi postuna hücumdan sonra Rusiya İstintaq Komitəsi terrorizmlə bağlı cinayət işi açıb. Bu barədə TASS informasiya agentliyinə istinadla məlumat verir.
Son məlumatlara görə, keşiş Nikolay Ata və ən azı iki polis əməkdaşı həlak olub. Daha 7 polis əməkdaşı yaralanıb. Dərbənddə kilsə və sinaqoqa hücum Bakı vaxtı ilə saat 19:00 radələrində baş verib: bir polis ölüb, digəri yaralanıb. Daha sonra Dağıstanda yol polisi postuna hücum nəticəsində bir polis əməkdaşı həlak olub, daha altı polis yaralanıb.
Dağıstanın Daxili İşlər Nazirliyi iki yaraqlının öldürüldüyünü təsdiqləyib.
21:03
Dərbənd və Mahaçqalada iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna hücum nəticəsində Rus Pravoslav Kilsəsinin keşişi və polis əməkdaşları həlak olub.
Bu barədə Rusiya Federasiyasının Milli Antiterror Komitəsi məlumat yayıb.
“Bu gün axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna silahlı hücumlar edilib. İlkin məlumatlara görə, Rus Pravoslav Kilsəsinin keşişi və polis əməkdaşları öldürülüb”, – məlumatda deyilir.
Komitədən aydınlıq gətirilib ki, hüquq-mühafizə orqanları cinayətkarların axtarışı və tutulması üçün bütün zəruri tədbirləri həyata keçirir.