İsrailin Beyruta endirdiyi hava zərbəsi nəticəsində “Hizbullah” qruplaşmasının yüksək rütbəli komandirlərindən biri öldürülüb. İsrail belə məlumat yayıb, sonra “Hizbullah” bunu təsdiqləyib. Vətəninfo.az-in məlumatına görə , bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Öldürülən komandir İbrahim Qubaisi “Hizbullah”ın raket qüvvələrinə rəhbərlik edirdi.
Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, sentyabrın 23-dən İsrailin Livana hücumu nəticəsində 50-si uşaq olmaqla 569 nəfər həlak olub. 1835 nəfər yaralanıb. Livanın cənubundan olan minlərlə məcburi köçkün Beyrutdakı məktəblərə və digər müəssisələrə sığınacaq tapıb.
BMT Təhlükəsizlik Şurası sentyabrın 25-də münaqişəni müzakirə etmək üçün iclas keçirəcəyini açıqlayıb.
İsrail Müdafiə Qüvvələri gecə saatlarında Livandakı Hizbullah hədəflərinə, o cümlədən sursat anbarlarına, raket qurğularına və digər hədəflərə zərbələr endirməyə davam etdiyini açıqlayıb.
İsrailin müdafiə naziri Yoav Qalant hücumların Hizbullahı zəiflətdiyini və davam edəcəyini bildirib.