image-reklam-veteninfo
image-1backend

Dəniz zanbaqlarını qoparanları 25 min manatdan çox cərimə gözləyir

image-reklam-veteninfo

Türkiyənin qorunan bitki növlərindən biri olan dəniz zanbaqları Samsunun Terme rayonunun sahillərini ağ çiçəkləri ilə bəzəyir.

Vətəninfo.az xəbər verir ki, Qara dəniz sahilində yerləşən və təxminən 40 kilometr sahil xəttinə malik Terme rayonunda qum təpələri arasında təbii şəkildə yayılan dəniz zanbaqları yay aylarında çiçək açır. Bitki xüsusilə gün batımından sonra yayılan özünəməxsus qoxusu ilə təbiətsevərlərin diqqətini cəlb edir.

Dəniz zanbaqları yalnız estetik görünüşü ilə deyil, həm də sahil ekosisteminin qorunmasında mühüm rolu ilə seçilir. Onların güclü kök sistemi qum təpələrini sabitləşdirir, sahil eroziyasının qarşısını alır və həmin ərazilərdə biomüxtəlifliyin qorunmasına kömək edir.

Terme rayonunda dəniz zanbaqlarının yayıldığı ərazilərdə ziyarətçilərin bitkilərə zərər verməməsi üçün xəbərdarlıq lövhələri yerləşdirilib.

Türkiyənin Ətraf Mühitin Mühafizəsi qanunvericiliyinə əsasən, qorunan dəniz zanbaqlarını qoparan, kökündən çıxaran və ya məhv edən şəxslər inzibati cərimə ilə üzləşirlər. 2026-cı ildə bu bitkilərə zərər vuran şəxslər üçün cərimənin məbləği 699 min türk lirəsi, yəni təxminən 25 min Azərbaycan manatı təşkil edir.

Terme bələdiyyəsinin sədri Şenol Kul bildirib ki, rayonun Sancaklı, Kumcağız və Evci məhəllələrinin sahil ərazilərində dəniz zanbaqları təbii şəkildə yayılıb.

Onun sözlərinə görə, bu nadir bitkilər yay mövsümündə sahillərə xüsusi gözəllik verir və Təbiəti Mühafizə və Milli Parklar qurumları tərəfindən daim nəzarətdə saxlanılır.

“Bu unikal növü qorumaq üçün maarifləndirmə kampaniyalarımızı davam etdiririk. Vətəndaşlarımızın həssas yanaşması bu təbii irsi gələcək nəsillərə ötürmək üçün böyük əhəmiyyət daşıyır”, – deyə Şenol Kul bildirib.

Qeyd edək ki, dəniz zanbaqları Terme sahillərində payız aylarınadək təbii gözəlliyini qoruyur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki