image-reklam-veteninfo
image-1backend

Deputat Novruz Aslan yayılan məlumatlara aydınlıq gətirdi: “Mənim adımdan paylaşılan yazılar saxtadır”

image-reklam-veteninfo

Milli Məclisin deputatı Novruz Aslan sosial şəbəkələrdə onun adından yayılan saxta məlumatlarla bağlı rəsmi bəyanat yayıb.

Deputat qeyd edib ki, son günlər sosial mediada onun adından guya verdiyi müsahibə və “siyasətə qarışmadığı” barədə fikirlər paylaşılıb. Novruz Aslan bu məlumatları tamamilə əsassız adlandırıb:

“Sosial şəbəkələrin birində mənim adımdan, guya müsahibəmdə siyasətə qarışmadığım, Milli Məclisə təyin edildiyim və digər xoşagəlməz ifadələr yer alan yazı paylaşılıb. Hesab edirəm ki, bu cür profillər qərəzli məqsədlərlə yaradılır. Əvvəla bildirim ki, mən heç bir müsahibə verməmişəm və bu barədə mənə heç bir jurnalist müraciət etməyib.”

Deputat “siyasətə qarışmadığı” barədə yayılan fikirlərə də münasibət bildirib.

“Cəmiyyətin siyasi həyatında deputat institutunun rolu çox böyükdür. Deputat sadəcə qanunverici orqanın üzvü deyil, xalqın iradəsini siyasi qərarlara çevirən şəxsdir. Bu baxımdan deputatlar siyasi proseslərin bilavasitə iştirakçısıdır. Biz bu proseslərə strateji baxış, təhlil bacarığı və ictimai məsuliyyət hissi ilə yanaşırıq.”

Novruz Aslan vurğulayıb ki, deputat kimi fəaliyyətini şəffaf şəkildə həyata keçirir, mütəmadi olaraq İsmayıllı rayonundakı seçiciləri ilə görüşür və onların problemlərinin həllinə çalışır:

“Hər il deputatlıq fəaliyyətim barədə hesabatlar hazırlayıram və dövlət qurumlarına, yerli icra hakimiyyəti orqanlarına, eləcə də xarici səfirliklərə təqdim edirəm.”

Deputat əlavə edib ki, ölkədə və xaricdə baş verən hadisələrə media vasitəsilə münasibət bildirir, eyni zamanda yaradıcı insan kimi musiqi əsərlərində və kitablarında vətənpərvərlik, sosial məsuliyyət və mərhəmət mövzularına geniş yer verir.

Sonda Novruz Aslan vətəndaşlara müraciət edərək sosial şəbəkələrdə yayılan feyk məlumatlara inanmamağı və paylaşım edərkən etik qaydalara əməl etməyi xahiş edib:

“Sosial şəbəkə istifadəçilərindən xahiş edirəm, belə məsələlərə həssas yanaşsınlar, feyk yazılara fikir verməsinlər və xüsusilə rəylər bölməsində ifadələrinə diqqət yetirsinlər.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki