Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılacaq.
Vətəninfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi barədə Fərmanında əksini yapıb.
Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.
Qeyd edək ki, indiyə qədər Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurası olub. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilib.
Dövlət İmtahan Mərkəzinin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə:
– nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
– idarəetmə orqanlarının yaradılması;
-Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin (o cümlədən sədrlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
– yenidən təşkili və ləğvi;
– “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;
Dövlət İmtahan Mərkəzinə:
-Qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Eyni zamanda “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi” yeni redaksiyada təsdiqlənib.